Bu məqsədlə ağaclarda nisbətən qısa ştamb və yığcam çətir yaratmaq tələb olunur.
5.1.7. Ağacların budanılması
Budamanın ağacın yaşından və məqsəddən asılı olaraq aşağıdakı dörd növü mövcuddur: formaverici, nizamlayıcı, sanitar və cavanlaşdırıcı.
Cavan meyvə bağlarında əsasən formaverici budamadan istifadə edilir. Bu budama növü cavan bağda ağaclar məhsula düşənə qədər tətbiq edilir. Məqsəd, qəbul edilmiş sxem əsasında ağacda müəyyən çətir yaratmaq, skelet və meyvə budaqcıqlarının optimal nisbətinə və yerləşmə nizamına nail olmaqdır. Formaverici budama həm də məhsula vaxtında düşməni təmin edən vasitədir. Cavan ağacların güclü budanılması məhsula düşməni ləngidir. Zəif tumurcuq oyanmasına malik olan sortlarda budama aparılmadıqda skelet budaqların və çətirin mərkəzinin lütləşməsi baş verir, məhsul sürətlə mərkəzdən kənara doğru istiqamətlənir. Belə tipli ağaclarda birillik hissələr mütləq gödəldilməli və tumurcuqların oyanması üçün şərait yaradılmalıdır. Yüksək tumurcuq oyanmasına və yüksək zoğ əmələgətirmə qabiliyyətinə malik sortlarda çətir daxilində sıxlaşma getdiyindən, belə bitkilərdə yalnız seyrəltmə aparmaqla kifayətlənmək lazımdır. Çünki budaqların gödəldilməsi çətrin daha da sıxlaşmasına səbəb ola bilər.
Yüksək tumurcuq oyanması və zəif zoğ əmələgətirmə qabiliyyəti olan sortlar təbii olaraq özləri öz boylarını tənzimləyə bilirlər. Belə sortlar üçün yalnız nizamlayıcı budama aparılır. Ümumiyyətlə isə formaverici budama zamanı əsas məqsəd möhkəm özüllü skelet və müxtəlif sıra budaqların tabeçiliyinin təmin edilməsinə, hər bir skelet budağın rəqabətdən uzaq olmaqla, ayrılmış fəzada düzgün yerləşdirilməsinə nail olmaqdır.
Budamanın dərəcəsi. Budama üsullarından asılı olaraq onun müxtəlif dərəcələri ayrılır.
Yüngül budama. Əsasən formaverici və nizamlayıcı budama zamanı istifadə edilir. Bu halda zoğların, budaqların ucları vurulur, mürəkkəb meyvə budaqcıqları gödəldilərək sadə meyvə budaqcıqlarına çevrilir. Nisbətən zəif inkişaf edən və əsas istiqamətdən yayınan zoğlar kəsilir və ya münasib istiqamətə baxan tumurcuğa qədər gödəldilir.
Orta budama. Belə budama zamanı cavan (1-2 illik) budaqlarla yanaşı çoxillik (3-7 illik) hissələrin də bir qismi kəsilir. Bu, əsasən sağlamlaşdırıcı və yüngül dərəcədə cavanlaşdırıcı budama zamanı tətbiq edilir. Bu zaman yarımskelet budaqlar gödəldilə və ya skelet budaqlara qədər dibindən kəsilib atıla bilər. Belə budama, ağaclarda yaşla əlaqədar olaraq, vegetativ boyun zəiflədiyi (zoğların illik boy artımı 15-20 sm-dən az olan) dövrdə aparılmaqla, gələcəkdə baş verəcək qocalmanı bir qədər ləngitməyə imkan verir. Bu isə sonralar məcburiyyət qarşısında tətbiq edilən ağır budamanı aradan qaldırır.
Güclü (ağır) budama. Adından göründüyü kimi çoxillik (7-8 ildən çox) hissələrin kəsilməsini nəzərdə tutan bu budama, çətrin kütləsinin güclü şəkildə azalmasına səbəb olur. Çoxillik hissələrin kəsilməsi nəticəsində, yerüstü hissə ilə kök sistemi arasında korrelyasiyon asılılıq pozulur. Bu isə çoxillik hissələrdə yatmış tumurcuqların kütləvi oyanışına səbəb olur və beləliklə ağaclarda nisbi cavanlaşma baş verir.