Məhsula düşməni tezləşdirmək. Meyvə bitkilərinin məhsula düşmə vaxtı, digər amillərlə yanaşı çətirə verilən formadan və onun budama qaydasından da asılıdır. Bir qayda olaraq, təbii inkişafda meyvə bitkilərinin çox qismi, 2-3-cü sıra budaqlanmadan sonra meyvə budaqcıqları yaradır.
Buna başlıca səbəb generativ orqanlar əmələ gətirmək üçün toxumalarda hüceyrə şirəsinin qatılığının artmasıdır. Müəyyən olunub ki, bu hadisə hüceyrə şirəsinin qatılığı 0,6-0,7 moldan artıq olduqda baş verir. Müvafiq olaraq bunun üçün vegetasiya dövründə ağac (budaq) üzərində intensiv fəaliyyətdə olan kifayət qədər yarpaq səthi olmalıdır.
Cari ildə əmələ gəlmiş zoğ şaquli istiqamətdə güclü böyüyür və onun üzərində formalaşmış tumurcuqlardan gələn il, uc hissəsinə yaxın olan tumurcuqlar açılaraq yeni, güclü böyüyən boy zoğları əmələ gətirir. Bu zaman tumurcuqların oyanması qabiliyyəti zəif, zoğ əmələgətirmə qabiliyyəti isə yüksək olur. Həmin zoğu, vegetasiyanın ortalarında (iyun-iyul), şaquli istiqamətdən əyərək ona üfüqi istiqamət verilməsi mexaniki olaraq assimilyasiya məhsullarının geriyə axımını ləngidir. Beləliklə zoğ üzərində olan əksər gözlər kifayət qədər qida maddələri topladıqlarından tam formalaşır və yeni ildə onlar açılaraq boyu zəif olan zoğlar verir. Başqa
sözlə tumurcuqların oyanması qabiliyyəti yüksəlir, onların zoğ əmələgətirmə qabiliyyəti isə aşağı düşür. Hər belə gödək boylu zoğa düşən yarpaq səthi çox, onların fizioloji fəal radiasiya ilə təminatı isə (budaqlar üfüqi istiqamətdə olduğuna görə) bol olduğundan, sahə vahidində olan toxumalarda hüceyrə şirəsinin qatılığı artır. Nəticədə generativ tumurcuqların əmələgəlməsi üçün əlverişli şərait yaranır, məhsula düşmə tezləşır (Şəkil 5.9).
Budaq və zoğların uclarının vurulması ilə də məhsula düşməni tezləşdirmək mümkündür.Bu məqsədlə zoğların uc hissəsi qırpılır, birillik budağın boyunun 1/2-1/3 hissəsi qədəri kənara, aşağı baxan tumurcuğa kəsilir (Şəkil 5.10). Qalan hissə üzərində əmələ gələn zoğlardan əsasa yaxın olanlar nisbətən zəif, uc hissədəkilər isə nisbətən güclü boya malik olur.
Payızda yarpaqlar töküldükdən sonra və ya erkən yazda budağın ucuna yaxın yerləşən nisbətən güclü inkişaf edən birillik hissələrdən, çətrin içərisinə və yuxarıya doğru istiqamətlənənlər, budağın əsasına daha yaxında yerləşən və aşağıya, çətirin kənarına yönələn hissəyə qədər kəsilir. Bu halda yuxarıya doğru boy (apikal dominantlıq) dəf edildiyindən, ikillik hissələr üzərində meyvə budaqcıqları formalaşır.