Budaqların tabeçiliyini təmin etmək. İstər gövdə üzərində olan birinci sıra budaqlar və istərsə də onlardan ayrılmış sonrakı sıra budaqlar, hətta eyni ildə belə müxtəlif vaxtlarda əmələ gəldiklərindən, onlar bir-birindən fərqli vəziyyətdə olur. Belə ki, budağın ucunda yerləşən zoğlar, aşağıda yerləşən zoğlardan vaxt etibarilə gec əmələ gəlmələrinə baxmayaraq, onlardan bir sıra üstünlüklərilə - qida, işıq, istilik, hava və su ilə təmin olunmaları ilə fərqlənir. Ona görə də yuxarıda yerləşən budaqlar aşağıda yerləşənlərin tədricən sıradan çıxmasına və ya onların keyfiyyətsiz məhsul verməsinə səbəb olur.
Yuxarıda yerləşən budaqların daha yaxşı fizioloji təminatını nəzərə alaraq, onların aşağıda yerləşən budaqlara tabe edilməsinə nail olmaq formavermənin əsas məqsədlərindən biridir. Bu zaman əsas xətt üzərində yuxarıda yerləşən budaq özündən sonra gövdənin qalan hissəsinin yarısından azacıq artıq və ya ona bərabər uzunluqda, bundan aşağıda yerləşən budaq da eyni qayda ilə, özündən sonrakı məsafənin yarısına bərabər və ya ondan azacıq artıq olur. Gövdənin əsasında yerləşən budaq isə özündən sonra gövdənin qalan hissəsinin 2/3 hissəsindən artıq olmalıdır. Beləliklə yuxarıda yerləşən budaq aşağı budağa tabe olur (Şəkil 5.8).
Budaqları fəzada sərbəst yerləşdirmək. Tumurcuqların budaq üzərində düzülüşündən asılı olaraq, onlardan inkişaf etmiş zoğlar müəyyən məsafələrlə eyni istiqamətdə inkişaf edir. Məsələn, əgər spiral boyu iki dövrədə 6 ədəd tumurcuq varsa, o zaman, birinci tumurcuqla altıncı tumurcuq (ikinci ilə yeddinci, üçüncü ilə səkkizinci və s.) bir cəhətə doğru, bir xətlə inkişaf edən zoğ yaradacaq. Belə olan şəraitdə, yuxarıda yerləşən zoğ daha əlverişli şəraitə malik olduğundan, aşağıda yerləşən zoğdan güclü böyüyür və gələcəkdə onu məhv olma təhlükəsi altında qoyur. Vaxtında müdaxilə olunmadıqda, meşələrdə təbii inkişafda olan ağaclarda müşahidə olunduğu kimi aşağıdan yuxarıya doğru quruma baş verir.Belə halın qarşısını almaq üçün forma verilən zaman, gövdə üzərində olacaq budaqların yerləri və istiqamətləri qabaqcadan müəyyənləşdirilməlidir. Hər bir budaq sərbəst fəzaya malik olmaqla bərabər, gövdə üzərində olan qonşu budaqlardan üfüqi istiqamətdə ayrılma bucağı ən azı 90°-lik bucaq altında olmalıdır. Bu zaman budaqlar arasında olan rəqabət zəifləyir.