Ağaclarda vegetativ böyümə fazasında köklərin yerləşdiyi 50...100 sm-lik torpaq qatında normal rütubətlənmə şəraiti yaradılmalıdır. Ağır gilli torpaqlarda böyük normalarla gec-gec, qumsal torpaqlarda isə az normalarla tez-tez suvarma aparılır.
Suvarmada əsasən yerüstü sulardan istifadə olunması daha məqsədə uyğundur. Əgər yeraltı sulardan (artezian quyularından) istifadə olunarsa onda onların tərkibi yoxlanmalıdır. Suvarma suyunda həll olan duzların miqdarı bir litrdə bir qramdan çox olmamalıdır. Əgər bir qramdan çox olarsa onda həmin duzların kimyəvi tərkibi və torpağın fiziki xüsusiyyətləri mütləq analiz edilərək müəyyən tədbirlər görülməlidir.
Ümumiyyətlə cavan tumlu bağlarda orta hesabla hər suvarmada 400-500 m3 su sərf olunur.
Cavan bağda aşağıdakı fazalarda suvarma tətbiq edilir (Sxem 5.2).
5.1.4. Ağacların gübrələnməsi
Ağaclar bağa əkildikləri gündən, torpağın münbitliyinə və onun bərpasına böyük ehtiyac duyur. Buna görə də ağaclar əkilməzdən qabaq, əgər sahə gübrələnməyibsə, o zaman hər ağacın gövdə ətrafına hər m2 sahə üçün payızdan 4-5 kq çürümüş peyin, 200 q superfosfat və 20 q kalium duzu verib belləyirlər. Erkən yazda və vegetasiya dövründə isə böyüməni sürətləndirmək üçün hər m2 gövdəətrafına 20-30 q amonium şorası verilir. Əgər ağaclar əkilərkən gübrə verilibsə, o zaman qeyd olunan qayda ilə yalnız azotla yemləmə aparılır.
Əgər gübrələr gövdəətrafına verilirsə bu iş əllə, cərgə boyu verilirsə, o zaman gübrə səpən mexanizmlərlə aparılır. Bu halda sahəyə müvafiq gübrə dozası artırılır.
Cərgəarası bitkilərin gübrələrə olan ehtiyacı isə ayrıca hesablanıb ümumi normaya əlavə edilir.
Meyvə bağlarında gübrələrin norması, verilməsi vaxtı və qaydası torpağın münbitliyindən, fiziki, kimyəvi və aqrotexniki xüsusiyyətindən, əsas qida elementləri və su ilə təminat dərəcəsindən, cərgəarası torpağın saxlanması sistemindən asılı olaraq dəyişir.
Cavan bağda bir ağac üçün orta hesabla aşağıdakı normada gübrələmə aparılır (Cədvəl 5.1).