Lakin bir çox hallarda cərgəarası bitkilər əsas bitkilərin böyümə və inkişafına öldürücü təsir göstərə bilir. Bu məsələnin araşdırılması ilə məşğul olan və son zamanlar sürətlə inkişaf edən cavan elm sahəsi - «Allelopatiya» elmi yaranmışdır.
«Allelopatiya» - yunan sözü olub («allelon» - qarşılıqlı, «pathos» - əziyyət) ali bitkilərin qarşılıqlı biokimyəvi təsirini öyrənən elm sahəsidir. Müəyyən olunmuşdur ki, ali bitkilərin ifraz etdikləri iki maddədən biri (fitonsidlər) mikroorqanizmlərin, digəri isə (kolinlər) bitkilərin inkişafını ləngidir, onlara öldürücü təsir edir. Bunlardan birincisi yarpaqlar, ikincisi isə köklər vasitəsilə ifraz olunur.
Bir qrup cərgəarası bitkilərin kökləri vasitəsilə rizosferaya çıxardıqları kolinlər, meyvə bitkilərinin böyümə və inkişafına mənfi təsir göstərir. Məsələn, ayrıqotu, qırmızı topal, yonca və pomidor bitkiləri almanın inkişafını ləngidir. Bu zaman ağacların kök sistemi həmin bitkilərin kökləri yerləşən zonadan qaçmağa, yayınmağa çalışır, yerüstü hissədə boy durğunluğu yaranır, fotosintez prosesi pozulur.
Dənli bitkilər sahəyə çoxlu gəmirici topladıqlarından, qarğıdalı, günəbaxan, tütün isə hündür gövdəli olduqlarından onların cərgəarası bitki kimi istifadəsi məsləhət görülmür.
Yazlıq kələm vegetasiya dövründə əsas bitkinin qidasına və suyuna şərik çıxdığından, moruq, böyürtkən çoxlu pöhrə verdiklərindən, bostan bitkiləri cərgəni becərmək imkanı vermədiyindən və sahəni tutduğundan bağ üçün əlverişli sayılmır.
Bunları nəzərə alaraq hər bölgənin torpaq-iqlim şəraitinə və əsas bitkinin bioloji tələbinə uyğun olaraq cərgəarası bitkilər seçilir.
Ümumiyyətlə bağda xəstəlik və zərərvericilərə qarşı kimyəvi preparatlardan istifadə edilməyəcəksə, cərgəaralarında istifadə üçün çiyələk, qarağat, meyvəli tərəvəzlər, yonca, gülül, soya, topal, rayqras və s. əkilə bilər. Əgər kimyəvi preparatlardan istifadə ediləcəksə hər cərgədən bir növbəli əkin sistemi əsasında kartof, yerkökü, faraş kələm, baş soğan, sarımsaq, turp, yem və süfrə çuğunduru, lərgə, lobya, tərəvəz noxudu, paxla və s. əkmək olar.
5.1.3. Ağacların suvarılması
Cavan bağda ağacların normal tutması və inkişafı birbaşa torpağın rütubətlənmə səviyyəsindən asılıdır. Ona görə də, illik atmosfer çöküntüləri 700 mm-dən az olan və həmçinin yayı quraq keçən rütubətli bölgələrdə, bağ mütləq suvarılmalıdır. Ümumiyyətlə bütün vegetasiya dövründə köklər yerləşən zonada torpaq rütubətliliyi, tarla rütubət tutumunun 75-80 %-dən aşağı düşməməlidir.
Yalnız belə qulluq sayəsində cavan ağacların gələcək bol və keyfiyyətli məhsul üçün hazırlanmasına nail olmaq olar.
Cavan bağda köklər torpaq səthinə yaxında yerləşdiyindən suvarma az norma ilə tez-tez aparılmalıdır. Sahə vahidində ağacların sıxlığı artdıqca su sərfiyyatı da artır.
Yaylıq sortlar qışlıq sortlara nisbətən daha az su sərf edir.
Alma ilə müqayisədə armud bitkisi geniş və dərinə işləyən kök sistemi yaratdığından o, torpaqdakı su ehtiyatından daha səmərəli istifadə edir.
Ümumiyyətlə payız-qış aylarında əgər kifayət qədər atmosfer çöküntüləri düşməyibsə onda mayın ortalarından başlayaraq suvarma tətbiq olunur.