Cərgəaraları payızda arxasına mala qoşulmuş üçkorpuslu kotanla şumlanır. Gövdəətrafı sahə bellə yumşaldılır. Köklərin zədələnməməsi üçün torpaq ştamba yaxın yerdə 5-7 sm, çətir-ətrafı zonada 10-12 sm və çətir kənarında şumun dərinliyi üfqi köklərin yerləşmə səviyyəsindən asılı olaraq 12-20 sm dərinlikdə aparılır. Bu zaman calaqaltıda əmələ gəlmiş pöhrələr dibindən kəsilib atılmalıdır.
Rütubətin buxarlanmasının qarşısını almaq və alaqlarla mübarizə məqsədilə erkən yazda cərgəaraları malalanır, yayda isə 8-16 sm dərinlikdə kultivatorla becərilir. Cavan ağacların tutması və daha yaxşı inkişaf etmələri üçün gövdəətrafı mulçalanır. Bu məqsədlə peyin, çürüntü, saman, ağac kəpəyi, mulça kağızı və tol istifadə edilə bilər. Bu halda gövdə ətrafının bellənməsinə ehtiyac olmur.
İkinci ildən başlayaraq cərgəaraları əkin sxemlərindən və su ilə təminat səviyyəsindən asılı olaraq müxtəlif məqsədlərlə istifadə olunur.
Cavan bağlarda, ağacların onlar üçün ayrılmış qida sahələrini müəyyən vaxtdan sonra (8-12 il) tutduğunu nəzərə alaraq torpaqlardan daha səmərəli istifadə məqsədilə xüsusi texnologiya işlənib hazırlanmalıdır. Bu zaman nəzərə almaq lazımdır ki, cərgəaralarının istifadəsi məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir. Məqsəd isə cavan ağacların daimi yerində möhkəmlənməsi, onların normal böyümə və inkişafı üçün şərait yaradılmasıdır. Yalnız bu məqsədi təmin edən texnoloji qulluq planı qənaətbəxş sayıla bilər.
5.1.2. Allelopatiya və cərgəarası bitkilərin seçilməsi
Cərgəaraları 5 m-dən az olan sıxlaşdırılmış əkin sxemlərində cərgəarası torpaq, qara herik və ya herik-sideral sistemində saxlanır. Kifayət qədər su ilə təmin olunan sahələrdə isə bağ, əkindən 3-4 il sonra çəmən və ya çim-çürüntü sistemində saxlanılır.
Cərgəaraları 5 m-dən artıq olan kürəvi çətirli bağlarda quraqlıq şəraitdə torpaq qara herik altında, kifayət qədər suvarılan şəraitdə isə cins və sort xüsusiyyətindən asılı olaraq sideral bitkilər və yaxud da cərgəarası toxalanan digər bitkilər altında saxlanıla bilər (Şəkil 5.4).