5.1. Cavan bağa qulluq texnologiyası
Cavan bağda olan bitkilər məhsuldar bağda olan bitkilərlə müqayisədə güclü vegetativ boy atırlar. Bu dövrdə həm yerüstü hissədə və həm də kök sistemində bitkilər onlar üçün ayrılmış atmosfer və rizosferi tamamilə əhatə edirlər. Vegetativ boyla bərabər çətirin aşağı və mərkəzi hissəsindən başlayaraq vegetativ hissələr üzərində tədricən generativ hissələr, müxtəlif tipli meyvə budaqcıqları əmələ gəlir. Generativ hissələrin əmələ gəlməsi vaxtı və inkişafı calaqaltı-sort kombinasiyası ilə yanaşı çətir formasından və budamadan da asılıdır. Məhsuldar bağdan fərqli olaraq, cavan bağda aqrotexnoloji tədbirlər kompleksinə çətirin formalaşdırılması ilə yanaşı, cərgə aralarından istifadə məsələləri də daxil edilir.
Yeni əkilmiş ağaclar itirilmiş köklərin bərpası üçün böyük diqqət və qulluq tələb edir. Ona görə də ağaclar əkildikləri il, cərgəarası qara herik altında saxlanılır, ağaclar tez-tez suvarılır, alaqlarla və qaysaqla daim mübarizə aparılır, gövdəətrafı sahə, su ilə az təminatlı yerlərdə müxtəlif materiallarla mulçalanır. Dağlıq rayonlarda isə gövdə əhənglə ağardılır ki, gün yanğısı baş verməsin (Şəkil 5.1).
Cavan ağacların gövdələri zərif və şirəli olduğundan payızdan əkilmiş ağacların gövdələri müxtəlif gəmiricilər tərəfindən zədələnir. Bunun qarşısını almaq məqsədilə gövdə ətrafına günəbaxan yağı və sink fosfidlə qarışdırılmış qarğıdalı, arpa, vələmir dəni (hər kq dənə 30 q yağ və 30-40 q zəhər) səpilir. Belə aldadıcı yem gəmiricilərin yuvalarının ağzına qoyulur.
Gövdənin qoruyucu kağız-lent, tol, günəbaxan gövdəsi və s. materiallarla sarınması da onun gəmiricilərdən qorunmasına kömək edir (Şəkil 5.2).
5.1.1. Torpağın becərilməsi və ondan səmərəli istifadə
Ağaclar bağa əkildikdən sonra birinci il, cərgəaraları şum edilməklə, alaq otlarından azad qara herik altında saxlanır (Şəkil 5.3). Müəyyən olunmuşdur ki, ağaclar yeni əkildikdə onların kök sistemi 60 sm diametrində məsafə tutduğu halda, ikinci il bu 1,5 m-ə çatır və sonrakı hər ildə ağaclar tam məhsula düşənə qədər artım 50...60 sm təşkil edir.