Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Tumlu meyvə bitkiləri Gülçiçəklilər (Rosaceae) fəsiləsinə, alma (Maloideae) yarımfəsiləsinə və ayrı-ayrı cinslərə aiddir. Onlar bir sıra xüsusiyyətlərinə - tumurcuqların tipləri, meyvəvermə xarakteri, meyvə budaqcıqları, çiçək, çiçək topası və meyvənin quruluşuna görə bu qrupda birləşdirilmişdir.
Tumlu meyvə bitkilərinin nəinki respublikamızda, hətta dünya miqyasında geniş becərilməsinə səbəb həmin bitkilərin bioekoloji xüsusiyyətləridir. Bioekoloji xüsusiyyətlər dedikdə bitkilərin bir-birinin və ətraf mühit amillərinin təsiri altında qazandıqları bioloji xüsusiyyətlər nəzərdə tutulur. Belə ki, tumlu meyvə bitkiləri daim onları əhatə edən xarici şəraitlə üzvi surətdə əlaqədə olurlar. Xarici şəraitin təsiri nəticəsində bitkilərdə anatomik quruluş, morfoloji nişanələr, bioloji xüsusiyyətlər, böyümə və inkişaf qanunauyğunluqları dəyişir. Tumlu meyvə bitkilərinin xarici şərait amillərinə münasibətləri eyni olmayıb bitkinin yaşından, ilin fəslindən və fenoloji fazalardan asılı olaraq dəyişir. Bitkilərin bir-birinə və ətraf mühit amillərinə münasibətlərini öyrənmədən yüksək məhsul istehsalına nail olmaq mümkün deyil. Çünki meyvə bağında bitkilərə normal aqrotexnoloji qulluq edilməsi üçün ilk növbədə onların bioloji xüsusiyyətlərini və ətraf mühit amillərinə tələblərini bilmək lazımdır. Bildiyimiz kimi bitkinin böyümə və inkişafında həlledici əhəmiyyətə malik olan amillər onlara təklikdə yox, kompleks surətdə təsir edir. Yəni, bitkiyə bir amilin təsir etməsi üçün mütləq digər amil də olmalıdır. Məsələn, bitkinin torpaqda olan qida maddələrindən istifadə edə bilməsi üçün torpaqda müəyyən dərəcədə istilik və rütubətin də olması zəruridir. Bu və ya digər amilin çatışmazlığı, yaxud ifrat dərəcədə olması bitkinin normal böyüməsinə və inkişafına maneçilik törədir.
Beləliklə, tumlu meyvə bitkilərinin əsas xüsusiyyətləri və ətraf mühit amillərinə tələbləri ilə bağlı birinci fəsildə verilən biliklər böyük nəzəri və praktiki əhəmiyyətə malikdir.
Beləliklə bu fəsilin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz: