Nümunə üçün böyük meyvəçilik bölgəsi olan Quba rayonu şəraitinə uyğun olaraq, ehtiyat bağ sahəsində ağac əkininə 5 il qalana qədər olan müddətdə növbəli əkin sistemi verilir.
Ehtiyat sahədə sərnələrin ölçüləri köklənəcək əsas bağ sahəsinə uyğun olmalıdır (Cədvəl 4.2). Burada ilk bağ salınacaq sahədə torpaq, çoxillik ot bitkiləri altından çıxdıqdan sonra orada paxlalı tərəvəzlər becərilir, üçüncü ildə sideral otlar becərilir sonra isə şumlanaraq torpağa qarışdırılır və sahə bir il qara herik altında saxlanır. 5-ci il həmin sahədə bağ salınır.
İllər | I | II | III | IV | V |
2018 | çoxillik otlar | çoxillik otlar | payızlıq buğda | çiyələk IV il istifadə | çiyələk III il istifadə |
2019 | paxlalı tərəvəzlər | çoxillik otlar | çoxillik otlar | payızlıq buğda | çiyələk IV il istifadə |
2020 | sideral otlar | paxlalı tərəvəzlər | çoxillik otlar | çoxillik otlar | payızlıq buğda |
2021 | qara herik | sideral otlar | paxlalı tərəvəzlər | çoxillik otlar | çoxillik otlar |
2022 | yeni bağ salınması | qara herik | sideral otlar | paxlalı tərəvəzlər | çoxillik otlar |
2023 | cavan bağ | yeni bağ salınması | qara herik | sideral otlar | paxlalı tərəvəzlər |
2024 | cavan bağ | cavan bağ | yeni bağ salınması | qara herik | sideral otlar |
2025 | cavan bağ | cavan bağ | cavan bağ | yeni bağ salınması | qara herik |
2026 | məhsuldar bağ | cavan bağ | cavan bağ | cavan bağ | yeni bağ salınması |
2027 | məhsuldar bağ | məhsuldar bağ | cavan bağ | cavan bağ | cavan bağ |
Cədvəl 4.2. Ehtiyat bağ sahəsində növbəli əkin sistemi (nümunə)
Ehtiyat sahədəki ağaclar məhsula düşdükdən sonra, cavan bağın sahəsinə müvafiq həcmdə əsas bağda ağaclar köklənir. Başqa sözlə köklənmiş sahə artıq ehtiyat bağ sahəsinə çevrilir və burada eyni texnoloji əməliyyat tətbiq edilir. Bu əvəzetmə prosesi bütün əsas bağ sahəsində və əsas bağ sahəsinə çevrilmiş keçmiş ehtiyat sahədə ardıcıl olaraq hər il tətbiq edilir.
Qeyd olunanlardan göründüyü kimi bağ növbələşməsinin tətbiqi torpaq yorğunluğunu aradan qaldırmaqla, əlavə xərcə yol vermədən onun təbii münbitliyini təmin edir və təsərrüfatda ardıkəsilmədən, sabit və keyfiyyətli məhsul istehsalına şərait yaradır.