Plantaj aparılmayan sahələrdə çala qazılan zaman, torpağın üst münbit qatı çıxarılıb bir tərəfə, alt qatı isə digər tərəfə tökülür. Bundan sonra alt qatın torpağı 8-10 kq çürümüş peyin, təsiredici maddə hesabı ilə 100-120 q fosfor və 50-60 q kalium ilə qarışdırılır. Ağac əkiləndə çalanın dibinə üst qatın torpağı, üstdən isə gübrələrlə qarışdırılmış alt qatın torpağı verilir. Plantaj olunmuş sahələrdə plantajdan qabaq sahə gübrələndiyindən çalaya gübrə verməyə ehtiyac qalmır.
Çalalar hazır olduqdan sonra əkin başlayır. Əkin taxtası çala üzərinə elə qoyulur ki, kənar kəsimlər bu zaman nişangah olan mıxçalara tuşlansın. Taxtada olan mərkəzi kəsim ağacın yerini göstərir. Çalanın dibinə torpaqla qarışdırılmış üzvi və mineral gübrə qarışığı tökülür. Ting, əkin taxtası üzərində olan kəsimə tuş olaraq, çalaya qoyulur. Bu zaman əkin dərinliyi, calaqaltının tipindən asılı olaraq müəyyənləşdirilir. Calaqaltı toxmacar olduqda əkin kök boğazına qədər dərinlikdə aparılır. Klon calaqaltılar üzərində calanmış bitkilər isə calaq yerinə qədər basdırıla bilər. Toxmacalara calanmış tinglərin kök boğazından dərin və ya dayaz basdırılması ümumi inkişafa mənfi təsir göstərir. Ona görə də ting əkilərkən kök boğazı torpaq səthindən 2-3 sm hündürdə saxlanır. Torpaq yatdıqdan sonra kök boğazı torpaq səthi ilə eyni səviyyədə durur. Ting çalaya qoyulub torpaqlandıqdan sonra torpaq möhkəm tapdanır ki, onunla kök arasında boşluq qalmasın.
Bundan sonra çalanın diametri qədər məsafədə, çalanın perimetri boyu tirə düzəldilir. Nəticədə çalada suyun dayanması üçün kasa yaranır.
Şırıma əkin -bu əkin üsulunda, sahədə bölgü payalarının yaxınlığından, cərgə boyu çəkilmiş şırımlardan istifadə edilir (Şəkil 4.28).
Şırım açmazdan qabaq həmin zolağa üzvi və mineral gübrə qarışığı səpilir. Şırım açılarkən həmin gübrə torpaqla qarışdırılaraq şırıma tökülür. Bundan sonra nişangah payanın önündə, şırımda yalaq açılır və ağac yuxarıda təsvir olunan qayda ilə əkilir, onun ətrafında isə torpaq tapdandıqdan sonra suvarma üçün kasa yaradılır. Şırıma əkin, çalaya əkindən daha asan olduğundan əkin prosesi sürətlənir, əmək məhsuldarlığı 3-5 dəfəyə qədər artır.
Mexanizmlərlə əkin - əl ilə əkin ağır zəhmət, vaxt və yüksək xərc tələb etdiyindən bu üsul yeni tipli, intensiv bağlar üçün özünü doğrultmur, belə bağlarda qida sahəsi nisbətən az olduğundan hektarda bitkilərin miqdarı çoxalır. Ona görə də bu qədər ağacın əkilməsi üçün az vaxt ərzində çoxlu miqdar işçi qüvvəsi tələb olunur. Bu nöqteyi-nəzərdən əkinin mexanikləşdirilməsi zəruri tələbatdır.