Traktorun radiatoru üzərində, düzgün nişanlama aparmaq üçün bəzən məftil və ya düz taxtadan hazırlanmış nişan oxu taxılır. Traktorçu bu oxu sərnənin kənarında olan payaya tuşlayır və bu istiqamətdə düzünə hərəkət edir. Beləliklə ağacların yerini göstərən şırımlar açılır. Bu iş sərnə boyu nişanlama qurtarana qədər davam etdirilir.
Meyvə bitkilərinin əkilməsi. Meyvə bitkiləri əkildikləri yerdə uzun müddət qalır. Bunu nəzərə alaraq onların əkin vaxtı və əkin texnikasının düzgün aparılması tələb olunur. Çünki bundan asılı olaraq əkilmiş bitkinin normal inkişafı dəyişə bilər.
Əkin vaxtı. Respublikamızın əksər rayonlarının mülayim iqlimi burada meyvə bitkilərinin əkinini nisbi sükunət dövrü müddətində aparmağa imkan verir. Lakin aran yerlərdə və qışı mülayim keçən digər rayonlarda ən yaxşı vaxt payız fəsli sayılır.
Payızda təsərrüfat işlərinin nisbətən az olması və qışın mülayimliyi bitkilərin köklərinin əkildikləri yerdə, yaza qədər itirilmiş hissələrini bərpa etməsi, bu dövrdə aparılan əkinin təsərrüfat və bioloji cəhətdən üstünlüyüdür. Payız əkini oktyabrın ortalarından başlayır və şaxtalar düşənə qədər davam etdirilir. Qışı sərt keçən yerlərdə və dağlıq rayonlarda əkinin yazda aparılması daha yaxşı nəticə verir. Bu iş torpaqda qarın əriməsindən 10-12 gün sonra aparılır.
Son vaxtlar, meyvə bitki tinglərinin konteynerlərdə becərilməsi, ağacların əkinini ilin bütün fəsillərində və hətta vegetasiya dövründə də aparmaq imkanı yaradır.
Əkin materialının keyfiyyəti və onun əkinə hazırlanması. Bağın gələcək inkişafı əkin materialının keyfiyyətindən xeyli asılıdır.
Əkin üçün bir qayda olaraq yaxşı inkişaf etmiş, sağlam, standarta uyğun bir və ikiillik tinglərdən istifadə olunur. İlk növbədə tinglərin cinslər üzrə sort tərkibi yoxlanır ki, bağda nəzərdə tutulmayan sortlar olmasın. Bundan sonra calaqaltı tipinin nəzərdə tutulan calaqaltıya və həmçinin tingin sahə standartlarına uyğunluğu müəyyənləşdirilir. Bu iş yüksək məsuliyyət tələb etdiyindən bununla daha təcrübəli mütəxəssis və fəhlələr məşğul olmalıdır. Tingin kök sisteminin normal vəziyyəti, onun uzunluğu, budaqlanması və yaş olması yerüstü hissəsinin ilk vaxtlarda normal boyunu təmin edir. Müəyyən olunub ki, köklərin uzunluğunun 30-35 sm-ə qədər olması birinci iki ildə cəmi zoğların boyunun 3397 sm, 40-50 sm olması 5435 sm olmasına səbəb olur. Lakin bununla belə köklərin boyunun 30-35 sm-dən artıq olması ağacların əkinini çətinləşdirir. Ona görə də bu uzunluqdan artıq köklər kəsilməlidir.
Köklərinin uzunluğu 20 sm-dən az olan bitkilərin yerüstü hissəsi nisbətən zəif böyüyür və bağda müxtəliflik yaradır. Bu, ilk növbədə ağacların məhsula düşməsində, potensial məhsuldarlıq dövrünün başlanmasında özünü göstərir. Ona görə də köklərin optimal ölçüləri nəzərə alınmalıdır. Yerüstü hissənin boyuna görə də onları çeşidlərə ayırırlar:
Tinglikdən yeni çıxarılmış tinglərin kök sisteminin zədələnmiş, artıq hissələri iti sekatorla kəsilib atılır və əkin qabağı tingin kök hissəsi təzə peyin və superfosfat qarışığından hazırlanmış horraya batırılır (Şəkil 4.26).