Beləliklə, sahənin perimetrləri boyu ağacların yerləri nişanlanmış olur. Bundan sonra sərnənin gödək tərəfləri boyu, cərgəarasını göstərən ölçü lenti, hər kənar cərgələrdə olan bitkilərə tuşlanır və ağacların yeri lent üzərində olan nişanlara uyğun olaraq, yerdə qeyd olunur. Hər ağacın yerinə paya sancılır. Bundan sonra bölgü, sonrakı bitkiarası məsafələrlə də eyni qayda ilə davam etdirilir. Bölgü qurtardıqdan sonra cərgələrin və ağacların yerini göstərən payalar, həm düzünə cərgələr və həm də dioqanal boyu bir xətt üzərində olmalıdır.
Yamaclarda aparılan nişanlanma. Dağlıq yerlərdə ağacların yerinin nişanlanması horizontlara uyğun olaraq aparılır. Yamacın mailliyi nisbətən az (5-8°) olduqda cərgəaraları bir qayda olaraq eyni olur. Maillik artdıqca isə cərgəarası məsafələr horizontlara uyğun olaraq dəyişir. Bu üsul ilk dəfə prof. A.P.Draqavtsev tərəfindən təklif olunub. Bölgü aparmaq üçün sərnənin gödək tərəfində (yamacın köndələninə) düz xətt boyu, cərgələrin yerini göstərən payalar çalınır. Bundan sonra ya nivelir və yaxud da xüsusi əkin taxtasından istifadə olunur. Əkin taxtası hündürlüyü 60-70 sm olan iki ayaq üzərində bərkidilmiş düz taxtadan və onun üzərində olan səviyyə göstərən tərəzidən ibarətdir (Şəkil 4.25). Taxtanın uzunluğu bitkiarası məsafəyə bərabər olur. Əgər bitkiarası məsafə böyükdürsə, o zaman taxta bu məsafənin yarısı qədər uzunluqda düzəldilə bilər.
A - sahənin bölünmə sxemi:
1-horizontlar, 2- ağacların cərgəsi.
B- kontur bölgü üçün alət:
1-4-ayaqcıqlar, 2-düz taxta, 3-tərəzi
Əkin taxtası birinci cərgənin yerini göstərən baş payaya uyğun qoyulur və tərəzi ilə düz səviyyə alınana qədər hərəkət etdirilir. Düzgün səviyyə alınan nöqtədə mıxça vurulur. Əgər bitkiarası məsafə böyükdürsə, onun yarısına bərabər əkin taxtasının sonunda müvəqqəti mıxça, onun iki misli qədər məsafədə isə səviyyə müəyyənləşdirilib əsas mıxça vurulur. Birinci cərgə bu üsulla tam bölüşdürüldükdən sonra, digər cərgələrdə eyni iş təkrar olunur.
Vegetasiya dövründə süni suvarma tələb olunan, yaxud da güclü yağışlar və sel qorxusu olan şəraitdə suyun cərgəboyu axımını yönəltmək məqsədilə əkin taxtasının ayaqlarının birini, taxtanın uzunluğunun hər metri üçün 5-8 mm olmaqla uzun qoyurlar. Məsələn, əgər taxtanın uzunluğu üç metrdirsə ayaqcığın biri o birisindən 15-24 sm uzun olur. Bu isə cərgələrin meyilliyinin horizont boyu 0,005-0,008 % olmasını və buna uyğun olaraq suyun bərabər surətdə axımını təmin edir.
Nişanlamanın mexanikləşdirilməsi. Böyük bağ sahələrində, ağacların əkininin me-xanikləşdirilməsi ilə bağlı olaraq, bölgü də mexanikləşdirilir. Bu məqsədlə KRN-4,2 tipli kultivatordan və yaxud da toxumsəpən maşından istifadə edilir. Qabaqca düzən sahələrdə aparılan bölgü əsasında sərnənin perimetrləri boyu ağacların yeri müəyyənləşdirilir. Bundan sonra kultivatorun işçi orqanları çıxarılır və onun yerinə bitkiaraları qədər məsafədə şırımaçanlar bərkidilir.