Əkin sxemlərindən asılı olaraq bitkilərə verilən qida sahəsi müxtəlif olur. Kvadrat üsulda düzbucaqlı üsula nisbətən, düzbucaqlı üsulda sıxlaşdırılmış xətvari və şahmat üsuluna nisbətən, zolaqlı sxemdə isə blok tipli sxemə nisbətən qida sahəsi artıq verilir. Dağlıq rayonlarda eyni bir sort, aran yerlərinə nisbətən daha yığcam çətirli və zəif boylu olur. Ona görə də dağlıq rayonlara nisbətən aran yerlərdə, meyvə bitkilərinə verilən qida sahəsi çox olur. Nazik şum qatına malik, az humuslu və zəif münbit, suvarılmayan torpaqlarda meyvə bitkiləri nisbətən zəif boya malik olur. Belə torpaqlarda qida sahəsi, dərin şum qatına malik, münbit, suvarılan torpaqlara nisbətən az verilir. Ucaboylu calaqaltılara calanmış meyvə bitkiləri, vegetativ artırılan gödək boylu calaqaltılara calanmış meyvə bitkilərinə nisbətən daha hündür və geniş çətirli olur. Belə bitkilərə qida sahəsi müvafiq olaraq çox verilir. Düsen tipli calaqaltılara calanmış alma sortları paradizka tipli və digər gödək boylu calaqaltılar üzərində becərilən alma sortlarına nisbətən ucaboylu olduğundan onlara qida sahəsi çox verilir. Düsen tipi daxilində M2 üzərində calanmış sort, M3 və M5 üzərində calanmış eyni adlı sortdan daha güclü boya malik olur. Ona görə də qida sahəsi verilərkən yalnız növ müxtəlifliyinin özü yox, onun daxilində variasiyalar da nəzərə alınmalıdır. Bir qrup sortlar, məsələn, almanın Red Delişes, Qolden Delişes, Starkinq, Qəndil Sinap, Ağ Rozmarin, Boyken və s., armudun Meşə gözəli, Bere Amanlı, Bere Liqel, Bere Ardanpon, Cır Nadiri və d. sortlar hətta orta və gödək boylu calaqaltılar üzərində belə nisbətən güclü boya malik olur. Digər qrup sortlar sallaq çətirə malik olur. Belə sortlara verilən qida sahəsi, boyu gödək və yığcam çətirli sortlara nisbətən artıq olmalıdır. Qeyd olunanlar nəzərə alınaraq meyvə bitkilərinə müxtəlif qida sahələri verilə bilər.
4.3.3. Meyvə bitkilərinin əkilməsi
Meyvə bitkilərinin əkin yerinin nişanlanması. Əkin yerinin nişanlanması qəbul edilmiş qida sahəsinə müvafiq olaraq aparılır. Hər bitkinin yeri qabaqcadan qarğı və ya taxtadan düzəldilmiş, 40-50 sm uzunluqda payalarla (mıxçalarla) nişanlanır.
Nişanlama, yerin relyefindən asılı olaraq müxtəlif yollarla aparılır.
Düzən yerlərdə nişanlama. Düzən yerlərdə nişanlama üzərində ağacların yerini, cərgə və bitkiaralarını göstərən nişanları olan ölçü lentləri (kəndir, şpaqat və ya nazik məftil) ilə aparılır(Şəkil 4.24). Əvvəlcə sərnələrin küncündə, uzunluğu 1-1,5 m olan payalar vurulur. Cərgəarasını göstərən lent sərnənin gödək tərəfində tam sərhəd boyu bərkidillir və hər cərgənin yeri payalarla işarə olunur. Bundan sonra bitkiarasını göstərən lent ilə sərnənin uzun tərəfində bölgü aparılır. Bu məqsədlə hər iki cərgədə başdan-başa xətt alınır və bitkiarası məsafəni göstərən lentlə hər bitkinin yeri nişanlanır.