Zolaqlarla (lent) əkin sxemi. Gödək boylu bitkilər üçün işıqdan səmərəli istifadə məqsədilə tətbiq olunan əkin sxemidir. Zolaqlar cərgəarası nisbətən az (1...2 m) olan 2...3 cərgədən ibarət olur. Zolaqlar arasında 3-4 m məsafə qoyulur. Bitkiarası məsafə 0,5...1 m verilir.
Əsasən gödək boylu calaqaltılar üzərində calanmış orta və zəif boylu sortlar üçün tətbiq edilir. Hər zolaq (lent) bütöv cərgəni xatırladır. Becərmə lent arasında aparılır. Cərgəaraları isə herbisidli qara herik altında saxlanır. Texniki imkanlar olan şəraitdə perspektivli əkin sxemidir.
Blok tipli (lək) əkin sxemi. Zolaqlı əkin sxeminin təkmilləşdirilmiş formasıdır. Hər zolaqda cərgələrin miqdarının nisbətən çox (5-6 ədəd) olması ilə fərqlənir. Cərgəaraları 1 m, bloklar arası isə 2,5-3 m verilir. Bitkiarası məsafə 0,5-1 m qoyulur. Gödək boylu calaqaltılara calanmış zəif və orta boylu sortlar üçün məsləhət görülür.
Kontur tipli əkin sxemi. Dağ yamaclarında yamacın köndələninə horizontlar üzrə əkin sxemidir. Cərgəaraları gen, bitkiaraları isə nisbətən sıx (2-3 m) qoyulur. Bu sistemli əkində torpağın yuyulması qorxusu azalır. Torpağın becərilməsi daim yamacın köndələninə aparıldı-ğından tədricən təbii səkilər yaranır (Şəkil 4.22).
Mənfi cəhəti, əkin horizontlarla aparıldığından cərgəaralarının hər yerdə eyni məsafədə olmamasıdır ki, bu da mexanikləşmənin tətbiqini çətinləşdirir. Bəzi yerlərdə cərgəaraları gen olur. Bu zaman, geniş yerlərdə əlavə yarımçıq cərgələr yerləşdirmək olar, lakin bu da becərməni çətinləşdirir.
Şahmat (üçbucaq) əkin sxemi. Bu üsulda cərgəaraları eyni olur və qonşu cərgələrdə olan ağaclar üçbucaq təşkil edir (Şəkil 4.23). Yəni birinci cərgədə olan ağac ikinci cərgədə olan ağacların aralığına, üçüncü cərgədə olan ağacla isə eyni xəttə düşür. Dağ yamaclarında, mailliyi nisbətən az olan sahələrdə, torpağın yuyulmasının qarşısını almaq üçün geniş istifadə edilir. Bu sxemdə də becərmə yalnız cərgə boyu aparılır.