4.3.2. Ağacların bağda yerləşdirilməsi
Ağacları bağda elə yerləşdirmək lazımdır ki, onların bütün istismar dövründə normal böyümə və məhsul vermələri üçün optimal şərait yaransın. Bu məqsədlə bir sıra əkin sxemlərindən istifadə olunur.
Kvadrat əkin sxemi. Cərgə və bitkiarası eyni olan əkin sxemidir. Bu sxemin üstün cəhəti bağda torpağın hər iki istiqamətdə becərilməsidir. Mənfi cəhəti isə hektarda bitkilərin sayının az olmasıdır. Belə əkin sxemindən intensiv bağlarda istifadə olunduqda, cərgə və bitkiaraları 6-8 m verildikdə ağaclar kürə şəkilli çətir formasında, 6 m-dən az olduqda isə qabaqca kürə, sonralar isə şaquli yastılaşdırılmış çətir formasında becərilərək cərgədə ağacların çətirləri bir-birinə birləşdirilir.
Düzbucaqlı əkin sxemi. Cərgəarasının çox, bitkiarasının isə az verilməsi ilə fərqlənir (Şəkil 4.20).
Bu üsulda bağlarda bitkilərin sıxlığı artır. Uca boylu bitkilərə nisbətən gödəkboylu bitkilərdə cərgədə bitkiarası məsafə müəyyən həddə qədər azaldılır. Düzbucaqlı əkin sxeminin əsas üstünlükləri Sxem 4.8-də verilir.
Sıxlaşdırılmış xətvari əkin sxemi. Düzbucaqlı əkin sxeminin bir variantıdır (Şəkil 4.21). Bu üsul xüsusilə maşınla budama üçün əlverişli sayılır. Çünki bu sxemdə də ağaclarda skelet budaqlar cərgəarasına yönəldilir. Belə sxem gödək boylu bitkilər üçün xüsusən əlverişlidir. Cərgəaraları, bitkilərin boyundan asılı olaraq 4-7 m, bitkiaraları isə 0,5-3 m verilir. Cərgədə bitkilər, əkildikdən 2-3 il sonra tam birləşir və divar yaradır. Torpaq yalnız bir istiqamətdə - cərgə boyu becərilir.