Bağ qoruyucu zolaqlar. Bağ qoruyucu zolaqlar bağı küləklərin zərərli təsirindən qoruyur, ağacların küləklərin təsirindən əyilməsinə, yıxılmasına, torpaqdan və bitkilərdən rütubətin israf təbəxxürünə imkan vermir. Meyvəcik və meyvələrin küləkdən tökülməsinin qarşısını alır, arıların normal həyat fəaliyyətinə, sahədə qarın normal toplanmasına şərait yaradır.
Bir qayda olaraq bağ qoruyucu zolaq kimi uca boylu, tez boyatan, xəstəlik və zərərve-riciləri əsas meyvə bitkilərindən fərqli olan, pöhrə verməyən, toxumları uzağa yayılmayan (qanadlı olmayan), küləklərə və digər yerli iqlim şəraitinə davamlı, müəyyən təsərrüfat əhəmiyyətli bitkilərdən təşkil olunur. Bu məqsədlə meşələrdə bitən ağac və kol bitkiləri (müxtəlif növ qovaqlar, qarağac, at şabalıdı, cökə, yapon saforası, sivriyarpaq ağcaqayın, palıd, şam, maklyura (yalançı portağal), qlediçiya (şeytan ağacı, lələkli ağac), itburnu, cır limon (trifoliata), liqustrum (yapon tək gözü), həmçinin meyvə bitkilərindən qoz, pekan, əzgil, nar, zoğal, iydə, yemişan, çaytikanı, firəng üzümü (mot-motu), qarağat və s. istifadə edilə bilər (Şəkil 4.14).
Bağ qoruyucu meşə zolaqları xarakterinə görə havalanmayan, yarımhavalanan və tam havalanan tipdə olur.
Havalanmayan meşə zolağı. Belə meşə zolağı sıx yerləşən kol, kol tipli ağac və hündür boylu ağac bitkilərindən təşkil olunur. Zolağın kənarından içəriyə doğru bitkilər boyları artmaqla yerləşdirilir. Belə zolaqlar öz hündürlüklərinin 20-30 misli qədər məsafəni küləkdən mühafizə edə bilir. Bu məsafədən sonra isə küləklərin gücü tam bərpa olunur.