Sərnələr. Sərnə bağda ilkin texnoloji ərazidir. Sərnələrin həcmi və forması bağın tipindən, mexanikləşmənin səviyyəsindən, yerin relyefindən, hakim küləklərin istiqamətindən, torpağın yuyulması imkanından asılıdır. Tumlu meyvə bitkiləri üçün sərnələrin həcmi nisbətən rahat relyefli və zəif küləkli sahələrdə 12-15 ha (daha münasib sahələrdə isə hətta 20-25 ha-ya qədər), mailliyi çox olan və qorunmayan açıq sahələrdə 8-10 ha, külək tutan və nahamar sahələrdə 5-8 ha, dağlıq rayonlarda 3-5 hektar olmalıdır.
Sərnələrin ən yaxşı forması tərəflərin 1:2-3 nisbətilə düzbucaqlı və ya çıxılmaz vəziyyətdə trapes formadır. Yamacların yuxarı hissəsində bu 1:4 nisbətinə qədər artırılır. Mailliyi 3-5° olan yamaclarda sərnənin uzun tərəfini yamacın köndələninə uzadırlar ki, torpağın yuyulmasının qarşısı alınsın. Düzən sahələrdə sərnənin uzun tərəfi hakim küləklərə köndələn (perpendikulyar) yerləşdirilməlidir. Bu halda yerin relyefindən asılı olaraq 25-30° qədər düzəliş vermək olar. Yastı çətir formalı və həmçinin sıxlaşdırılmış xətvari əkin sxemli bağlarda sərnələrin uzun tərəfini cənubdan şimala yönəldirlər.
Yollar. İri əmtəəlik meyvə bağlarında müxtəlif xarakterli və istiqamətli yollar ayrılır. Yollar əsasən 4 tipdə olur
Ana yol. Bu yola magistral yol da deyilir. Bu yol bağın bütün sahələrini təsərrüfat sahələri ilə birləşdirir. Belə yol bağın həcmindən asılı olaraq bir və ya iki ədəd ola bilər. Onlar ya bir-birinə paralel və ya perpendikulyar yerləşə bilər. Bu, bağın enindən və uzunundan asılıdır. Belə yolların hərəkət hissəsi 8-10 m olmaqla möhkəm döşəməli olur. Yolun kənarlarında 3 m-ə qədər səki nəzərdə tutulur.
Ətraf yollar. Bağın dörd tərəfini əhatə edən, qoruyucu meşə zolağı ilə bağ arasında qalan yoldur. Bağda əkilən əsas bitkiləri qoruyucu meşə zolağının kölgələndirilməsindən qoruduğu üçün belə yollara kölgə zolağı da deyilir. Ətraf yolların hərəkət hissəsində eni 6-8 m olmaqla, yolun hər iki tərəfində eni 1,5 m olan səki qoyulur.
Sərnəarası yollar. Sərnələr arasında, hərəkət hissəsi 3 m-dən az olmayan yoldur. Belə yolun hər iki tərəfində 1 m enində səkilər qoyulur. Bu yollar sərnələri magistral və ətraf yollarla birləşdirir.
Sərnədaxili yollar. Belə yollar sərnə daxilində texnoloji proseslərin səmərəli tətbiqinə nail olmaq üçün, sərnənin uzun tərəfinə köndələn şəkildə, hər 100-200 (bəzən 150-200) metrdən bir, cərgələrdə 1-2 ağacın yerini yol üçün istifadə etməklə yaradılır. Şpaler tipli və yastı çətir formalı bağlarda isə sərnələr şəbəkələrə bölünür. Hər belə şəbəkənin cərgəboyu uzunluğu 100-150 m olur. Şəbəkələr arasında qoyulan yol da sərnədaxili yol olub bəzən şəbəkəarası yol da adlanır.