GİRİŞ
Hörmətli oxucu!
Biz bu modulu hazırlayarkən ilk məqsədimiz xalqımıza xidmət olub. Gərgin əmək sərf edərək, fərqli tərtibat və dizayn, öyrədici tapşırıqlar, resursların təqdimatı və d. yeniliklərlə bu vəsaiti Sizin ixtiyarınıza veririk. Qeyd edək ki, modul “Meyvəçilik ustası” hazırlığı üzrə modullar sisiləsindən ilk dərs vəsaitidir.
Bildiyimiz kimi, meyvəçilik bağçılığın əsas istehsal sahələrindən biri olmaqla insan qidasına yararlı meyvə-giləmeyvə bitkilərinin becərilməsi ilə məşğul olan elm sahəsidir. Meyvəçilik fənninnin məqsədi meyvə-giləmeyvə bitkilərindən yüksək məhsul əldə etməkdir. Bunun üçün isə meyvə-giləmeyvə bitkilərinin torpaq-iqlim şəraitinə tələbi nəzərə alınmaqla onlar bölgələr üzrə düzgün yerləşdirilməlidir. Beləliklə meyvəçilik elminin əsas vəzifəsi meyvə-giləmeyvə bitkilərinin böyümə-inkişaf qanunlarını nəzərə almaqla onları daha səmərəli üsullarla çoxaltmaq, cinsin və sortun bioloji tələbinə uyğun konkret torpaq-iqlim şəraitində səmərəli texnoloji becərmə əməliyyatlarını işləyib hazırlamaqdan ibarətdir. Meyvəçilik fənninin obyektinə daxil olan meyvə bitkiləri təsərrüfat nöqteyi-nəzərdən aşağıdakı qruplara ayrılır:
Əziz təhsilalanlar! Sizin qarşınızdakı modul “Tumlu meyvə bitkiləri”nə həsr olunmuşdur. Bildiyimiz kimi tumlu meyvə bitkiləri yüksək qidalılılıq, tibbi və dietik (pəhriz) əhəmiyyətə malik olmaqla istehsalına və iqtisadi gəlirinə görə həm dünyada, həm də respublikamızda meyvə bitkiləri içərisində ilk sıralardadır.
Tumlu meyvə bitkiləri dedikdə alma, armud, heyva, əzgil, yemişan və üvəz bitkiləri nəzərdə tutulur. Bunlardan alma, armud və heyva cinsləri üzrə sənaye əhəmiyyətli meyvə bağları mövcuddur. Əzgil bitkisi mədəni halda qismən olaraq əsasən həyətyanı sahələrdə becərilir. Yemişan və üvəz bitkiləri isə yabanı halda geniş yayılmışdır.
Sizə təqdim olunan bu modulda tumlu meyvə bitkiləri qrupunun əsas xüsusiyyətləri, ətraf mühit amillərinə tələbləri, cinslər üzrə əkin materialı (ting) istehsalı, bağ salınması, cavan və məhsuldar bağda torpağa və ağaclara qulluq texnologiyası, başlıca xəstəliklər, zərərvericilər və onlarla əsas mübarizə tədbirləri, məhsul yığımı, saxlanması və satışının təşkili ilə bağlı bütün məsələlər öz geniş əksini tapmışdır.
İnanırıq ki, ixtiyarınıza verilən bu modulu mənimsəməklə tumlu meyvə bitkiləri üzrə həm sağlam əkin materialı, həm də məhsul istehsalının təşkili qaydalarını tam öyrənəcəksiniz. Bu isə gələcəkdə peşə fəalyyətinizi davam etdirmək üçün Sizə əsaslı zəmanət verir.
Əziz oxucu! Modulun məzmunu və tərtibatı üzrə təklif və iradlarınızı y.suleymanova13@mail.ru ünvanına göndərə bilərsiniz.