Yerli becərmə - şum qatı qalınlığında şum aparılır, çalalar qazılır. Gübrələr çalalara verilir və ağaclar əkilir. Bu üsul sənaye bağçılığında bağın təmiri zamanı istifadə edilir (Şəkil 4.9).
Gübrələrin torpaqla yaxşı qarışması üçün şumu önlüksüz kotanla aparmaq məsləhətdir. Yalnız sahə ciddi zibilləndikdə və gübrə kimi təzə peyindən istifadə edildikdə önlüklü kotan işlənir.
Torpaqda mübadilə olunan natriumun miqdarı çox olduqda onun miqdarından asılı olaraq hektara 2-3 ton üyüdülmüş gips verilir. Turş torpaqlarda (pH 5,5-dən aşağı) sahəyə üyüdülmüş əhəng və ya dolamit verilir.
Plantaj şumu əkindən beş-altı ay qabaq aparılır ki, torpaq otursun. Şumdan sonra torpağı diskli malalarla və kultivatorla becərirlər. Bundan sonra sahə planirovka və ya qreyderlə hamarlanır.
Bağ salınacaq sahə bitkilər əkilənə qədər torpaq şəraitindən asılı olaraq qara herik, bitkili herik (siderat) və çoxillik ot bitkiləri altında saxlanıla bilər.
Qara herik. Ağaclar əkilənə qədər sahə bir neçə dəfə yumşaldılır və alaqları məhv etmək üçün herbisidlərdən istifadə edilir. Əkindən qabaq sahədə önlüksüz kotanla yüngül şum və yaxud kultivasiya aparılır (Şəkil 4.10).
Bitkili herik. Sahənin alaqlarla nisbətən az sirayətlənməsi şəraitində əlverişlidir. Payızdan və yaxud erkən yazda səpilmiş siderat otlar, iyul-avqustda şumlanaraq torpaqla örtülür. Sideratlar torpağa əlavə olaraq çürüntü şəklində üzvi gübrə kimi müsbət təsir etməklə yanaşı, onun strukturunu, su və hava rejimini də yaxşılaşdırır. Ağaclar əkilməzdən qabaq sahədə səthi üzləmə aparılır, torpaq önlüksüz kotanla yumşaldılır və ya kultivasiya edilir (Şəkil 4.11 və Şəkil 4.12).