Emaledici zavodların yaxınlığında yüksək texnoloji xüsusiyyətlərə malik sortlar, şəhərətrafı sahələrdə tez yetişən süfrə və desert sortlar, iri meyvə saxlayıcıları olan sahələrdə istehlak yetişkənliyi qışda və erkən yazda olan qışlıq sortlar, uzaq məsafələrə göndərilmək üçün isə nəqliyyata davamlı sortlar seçilməlidir.
Bildiyimiz kimi tumlu meyvə bitkiləri çarpaq tozlanır. Bu baxımdan tozlayıcı sortlar aşağıdakı tələblərə cavab verməlidir (Sxem 4.6).
4.3. Meyvə bağının salınması
Tumlu meyvə bitkiləri əkildikləri yerdə uzun illər qaldığından onlar üçün torpağın qabaqcadan yararlı hala salınması vacib əməliyyatdır. Bu əməliyyat torpağın fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini yaxşılaşdıran aqrotexnoloji tədbirlər kompleksini nəzərdə tutur. Buraya sahənin düzləndirilməsi, dərin plantaj şumu, gübrələmə, dik yamaclarda relyefin səkilər düzəltməklə nizamlanması, suvarma və drenaj sistemlərinin təşkili və s. aid edilir.
4.3.1. Bağ sahəsinin təşkili
Torpağın hazırlanması. Sahə nisbətən düzəndirsə burada yüngül nizamlama aparılır, çökəkliklər və dikdirlər hamarlanır. Nizamlamanın dəqiqliyi ±5 sm təşkil etməlidir. Orta dərəcədə nizamlama zamanı 1,0-1,5 m torpaq qatı götürülə bilər. Bunun üçün qabaqca buldozer və skreperlə sahə hamarlanır, sonra uzun bazisli planirovka ilə nizamlanır.