Klon calaqaltılar şaxtadan ciddi zədələnir. Torpağın 20 sm-lik qatında 11… 12 °C şaxtada köklərin ciddi zədələnməsi, 14… 15 °C şaxtada isə tamamilə məhvi baş verir. İlk növbədə M8 və M9 üzərində alma, heyva üzərində armud, sonra isə M2, M4 və M5 üzərində alma çox zərər çəkir. Bu calaqaltılardan şaxtaya nisbətən davamlısı M3 tipidir.
Qışı şaxtalı rayonlarda intensiv tipli bağlar aralıq (interkalyar) calaqaltı üzərində calanmış bitkilərdən salındıqda daha yaxşı nəticə verir. Bu zaman kök sistemi şaxtaya davamlı toxmacar, aralıq hissə gödək boylu klon calaqaltı, üst hissə isə becəriləcək sortdan ibarət olur.
Dəmyə rayonlarda intensiv tipli bağlar üçün atmosfer çöküntülərinin miqdarı və onların fəsillər üzrə paylanması böyük əhəmiyyət kəsb edir. Vegetasiya dövründə səthi kök sisteminə malik karlik calaqaltılar yağıntının olmamasından və ya onun azlığından çox ziyan çəkir, onların məhv olma qorxusu artır. Belə sahələrdə süni suvarma tətbiq edilməlidir.
Gödək boylu meyvə bitkiləri güclü və hakim küləklərdən çox ziyan çəkdiyindən onlar üçün təbii qorunacaqlı sahələr seçilməli və ya bağ salmazdan qabaq qoruyucu zolaqlar yaradılmalıdır. Hakim küləklərə məruz qalan sahələrdə, gödək boylu calaqaltılar üzərində olan meyvə bitkilərini daimi dayaqlara bağlamaq lazımdır.
Torpaq. Bağ salmazdan qabaq torpağın və torpaqaltı qatın geniş tədqiqi tələb olunur. Bu məqsədlə dəqiq torpaq təhlilləri aparılaraq onun fiziki xüsusiyyətləri və kimyəvi tərkibini əks etdirən torpaq xəritəsi tərtib edilir. Bu zaman torpağın bütün horizontlarını və torpaqaltı qatı daha dəqiq təhlil etmək üçün kəsimlərin aparılma dərinliyi 3 m-ə qədər olmalıdır (Şəkil 4.1).
Torpağın əsasən aşağıdakı göstəriciləri nəzərə alınmalıdır: