Qeyd olunanlar təsərrüfatın imkanları daxilində müxtəlif yollarla həyata keçirilir. Bu baxımdan intensiv tipli meyvə bağının müxtəlif modifikasiyaları məlumdur. Bunlar adi intensiv, superintensiv və ultrasuperintensiv bağ tipləridir (Cədvəl 4.1).
4.2. Bağ üçün sahənin seçilməsi
Bağ üçün sahə seçərkən müxtəlif kənd təsərrüfatı sahələri üzrə yüksək ixtisaslı mütəxəssislər (torpaqşünas, meyvəçi, meliorator, aqrometereoloq, iqtisadçı, yer quruluşu mütəxəssisi və s.) cəlb olunmalıdır. Bağ sahəsi yaşayış yerlərinə yaxında seçilməlidir ki, istehsalın təşkili, əmək ehtiyyatlarından, texnikadan istifadə səmərəli olsun, məhsulu vaxtında və itkisiz yığmaq mümkün olsun.
Eyni zamanda təbii şərait amillərinə də xüsusi diqqət yetirilməlidir ki, bağın uzun müddət və keyfiyyətlə fəaliyyət göstərməsinə təminat verilsin. Bunları nəzərə alaraq bağ üçün sahə seçərkən aşağıdaki iki şərait nəzərə alınmalıdır:
4.2.1. Təbii şərait
İqlim. Buraya işıq, istilik, atmosfer çöküntüləri və külək aid edilir. İqlim coğrafi şəraitdən, relyefdən, d.s. hündürlükdən, su mənbələrinə yaxınlıqdan asılı olaraq müxtəlif olur. Ona görə də bağ salmazdan qabaq yerli meteoroloji stansiyalardan çoxillik (son 10 il) iqlim məlumatları götürülüb təhlil edilir.
Bu zaman havanın orta illik və orta aylıq temperaturu, onun mütləq minimum və maksimumu, şaxtasız günlərin davam etməsi, vegetasiya dövründə fəal temperaturun cəmi, erkən payız və gec yaz şaxtalarının başvermə tarixi, torpağın donma dərinliyi, illik yağıntıların miqdarı və onun aylar üzrə paylanması, qar örtüyü, havanın nisbi rütubət dinamikası, güclü və hakim küləklərin gücü, istiqaməti və vaxtı, sahənin işıqlanması, buludlu və buludsuz günlərin sayı, həmçinin digər ünsürlər təhlil edilir, becəriləcək cins və sortlar üçün yararlılıq dərəcəsi müəyyənləşdirilir. Bu təhlillərin nəticəsi bağda sərnələrin həcmini, cins və sortların yerləşdirilməsini, bağ qoruyucu sahələrin həcmini və orada əkiləcək cinsləri müəyyən etmək üçün əsas götürülür.
İqlim amilləri, xüsusən intensiv bağlar üçün böyük əhəmiyyət kəsb edir. İntensiv tipli bağlar düzünə düşən işıqla nə qədər çox təmin olunursa, bir o qədər onların məhsuldarlığı yüksəlir, meyvələr isə daha keyfiyyətli olur.
İstiliyin çatışmazlığı nəticəsində vegetativ artırılan calaqaltıların və onlara calanmış sortların vegetasiya dövrü qısalır, fotosintez zəifləyir, toxumalarda kifayət qədər qida maddələri toplana bilmədiyindən bitkilərin qışa davamlılğı aşağı düşür.