Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Meyvə bağı çoxillik əkililər sahəsi olduğundan onun uzun müddət məhsuldar və səmərəli işinin təmini üçün düzgün hazırlanmış təşkilatı və aqrotexniki tədbirlər kompleksi tələb olunur.
Buna görə də bağın salınmasında izafi xərcə yol verməmək üçün ixtisaslaşdırılmış layihə müəssisələrində hazırlanmış və texniki-iqtisadi cəhətdən əsaslandırılmış layihədən istifadə edilməlidir.
Layihələşdirmə və bağın salınmasında buraxılan hər xırda səhv sonralar öz ağır təsirini göstərir. Bu isə ya düzəldilə bilmir, yaxud da uzun vaxt və sərmayə qoyuluşu tələb edir.
Layihələşdirici təşkilatlar, təsərrüfat rəhbərliyi ilə birlikdə bağ üçün sahə seçdikdən sonra torpağın mədəniləşdirilməsi üçün tədbirlər hazırlayır, sahənin təşkili üçün plan tərtib edir, bağın salınması və tam məhsula düşənə qədər ona qulluq üzrə texnoloji xəritə tərtib edir, vəsait, material və əmək sərfi üzrə smeta tutur, onu iqtisadi cəhətdən əsaslandırırlar.
Layihə bəyənilib təsdiq olunduqdan sonra həyata keçirilir.
Beləliklə bu fəsilin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz:
- Meyvə bağı və onun tipləri - müasir əmtəəlik bağ tipləri, adi intensiv, superintensiv və ultrasuperintensiv bağ tiplərinin əsas xarakterik xüsusiyyətlərini öyrənəcəksiniz;
- Bağ üçün sahənin seçilməsində təbii şəraiti - relyef, iqlim, torpaq, qrunt suları, bitki örtüyü və s.tumlu meyvə bitkilərinin tələbləri baxımından qiymətləndirilməyi bacaracaqsınız;
- Bağ üçün sahənin seçilməsində təsərrüfat-təşkilati şəraiti - yaşayış yerlərinin, nəqliyyat yollarının mövcudluğu və yaxınlığı, suvarma mənbələri (sudan istifadə hüququ, suyun keyfiyyəti və onun analizi), cins, sort və calaqaltıların seçilməsi, onların yerli şərait üçün əsaslandırılmasını və s. məsələləri biləcəksiniz;
- Bağ sahəsinin təşkili ilə bağlı torpağın hazırlanması, sahənin düzləndirilməsi, mailliyin nizamlanması, yamaclarda terrasların təşkili, torpağın əkinqabağı şumlanması, başdan-başa, zolaqlarla və yerli becərmə, bağ üçün ayrılmış sahənin bölüşdürülməsi, sərnələrin təşkili,şpaler bağlarda dayaqların qurulması, meşə zolağının yaradılması, suvarma sistemlərinin və təsərrüfat tikililərinin təşkili məsələlərini öyrənəcəksiniz;
- Bağın salınması və ağacların bağda yerləşdirilməsi, o cümlədən bağ konstruksiyasının, əkin sxemlərinin və qida sahəsinin təyini, qəbul edilmiş qida sahələri haqqında biliklər əldə edəcəksiniz;
- Meyvə bitkilərinin əkilməsi - əkin yerinin nişanlanması, əkin çalalarının qazılması, tingin əkinə hazırlanması, əkin vaxtı və qaydası ilə tanış olacaqsınız və praktiki vərdişlərə yiyələnəcəksiniz;
- Bağ növbələşməsi, əsas və ehtiyat bağ sahələrində növbəli əkin sisteminin tərtibi, növbəli əkində istifadə edilən bitkilərə qoyulan əsas tələblər haqqında biliklər əldə edəcəksiniz.