Tingin fumiqasiyası üçün ayrılmış xüsusi otağa fumiqasiya kamerası deyilir. Bu kameranın həcmindən asılı olaraq hər dəfə fumiqasiya əməliyyatının tətbiqi üçün kameranın içərisinə bir neçə min ədəd ting yerləşdirilir.
Tingin realizə olunması. Tinglik təsərrüfatından tinglər yaxın və uzaq təsərrüfatlara nəql edilə bilər. Məsafədən asılı olmayaraq tingin kök sistemini quruyub məhv olmaqdan qorumaq lazımdır. Bunun üçün tinglik təsərrüfatında fumiqasiya kamerasının yaxınlığında bir neçə yerdə xəndək qazılır, onun içərisinə torpaqla su tökülərək horra hazırlayırlar. Tingi nəql edən zaman onun kök sistemini bir neçə dəqiqə horranın içərisində saxlayıb çıxarırlar. Kök sisteminin üzərini örtmüş gil, rütubətin buxarlanmasının qarşısını alıb, kökləri qurumaqdan mühafizə edir. Horradan çıxarılmış birillik tingləri 10-20 ədəd, çoxillik tingləri isə 5-10 ədəd olmaq şərtilə dəstə bağlayırlar. Bu qayda ilə hazırlanmış tinglər realizə edilir.
Tingin yaxın məsafəyə realizə olunması. Qeyd olunmuş qayda üzrə dəstə bağlanmış tingləri bir sutka müddətində yaxın məsafəyə göndərdikdə onların bükülərək tay bağlanmalarına ehtiyac olmur. Dəstə bağlanaraq göndərilməyə hazırlanmış tingləri, sortlar üzrə qarışdırmadan, nəqliyyat vasitəsinin içərisinə şaquli vəziyyətdə, bir-birinə sıx yerləşdirərək düzür, onların kök sistemini yaş samanla, torfla və ağac kəpəyi ilə möhkəm örtürlər.
Tingin uzaq məsafəyə nəql olunması. Tingin bir sutkadan artıq yol getməsi, onun mütləq bükülərək tay bağlanmasını tələb edir. Tinglərin payızda tay bağlanaraq uzaq məsafəyə göndərilməsi mümkün olmur. Belə olduqda, tingləri yazadək xəndəklərdə torpaqla örtülmüş vəziyyətdə saxlayırlar. Yazda tingləri xəndəkdən çıxarıb, bu və ya digər təsərrüfata bağ salmaq üçün göndərirlər.
Tinglik təsərrüfatı hər hansı bir təsərrüfata ting göndərərkən, ting alan təsərrüfatlara mütləq möhürlə təsdiq olunmuş rəsmi şəhadətnamə verməlidir. Bu şəhadətnamədə meyvə bitkisinin cinsi, sortun pomoloji adı, calaqaltının tipi, tingin yaşı, çeşidi, miqdarı qeyd edilir. Şəhadətnamənin tərtibi üçün tinglik təsərrüfatında xüsusi formalar olur (Cədvəl 3.7).
Şəhadətnamə iki nüsxədə tərtib edilir. Onun bir nüsxəsi ting alan təsərrüfata verilir, ikinci nüsxəsi isə tinglik təsərrüfatında saxlanır. Şəhadətnaməni tinglik təsərrüfatının rəhbəri, baş aqronomu, tinglik üzrə mütəxəssisi imzaladıqdan sonra o, möhürlənir.
Təsərrüfata gətirilmiş tinglər dərhal tayadan çıxarılır, akt tərtib edilir, bağ salınana qədər müvəqqəti olaraq xəndəklərdə, kökləri torpaqla örtülmüş vəziyyətdə saxlanılır.
№ | Bitkinin cinsi | Sortun pomoloji adı |
Calaqaltının tipi |
Tingin yaşı | Tingin çeşidi | Tingin miqdarı |
Cədvəl 15. Tinglik şəhadətnaməsi