Üçüncü tarlada yazın əvvəllərində vegetasiya dövrü başlamazdan qabaq ikinci tarladakı kimi cərgəaraları mexanizmin köməyi ilə hamarlanır, bitkiaraları toxa ilə yumşaldılır, gübrə verilir, sahə alaq otlarından təmiz, qara herik altında yumşaq vəziyyətdə saxlanır. Torpağın rütubətliliyi onun tarla su tutumunun 75-80 %-ni təşkil etməlidir. Sahə suvarma normasına uyğun suvarılır. Suvarmadan sonra torpaq yumşaldılmalı, xəstəlik və zərərvericilərlə vaxtında mübarizə aparılmalıdır. Bütün əməliyyatların vaxtında və düzgün tətbiqi nəticəsində yüksək keyfiyyətli tinglər yetişdirilir.
Tingdə çətirin yaradılması. İkinci tarlada çətir yaratmaq çətinlik törədir. Çünki çətiri təşkil edən zoğlar çox gec - iyul, bəzən isə avqust ayında əmələ gəlir. Onların miqdarı az olmaqla, vaxtın azlığından tam böyüyə bilmədiklərindən, çətirin təməli üçün yararlı zoğların seçilməsi həmişə mümkün olmur. Üçünçü tarlada isə çətir yaratmaq üçün hər cür əlverişli şərait yaradılır. Bir tərəfdən keçən il ikinci tarlada bütün texnoloji əməliyyatın vaxtında ardıcıl və yüksək səviyyədə tətbiqi birillik tinglərin uzanmasına, yoğunlaşmasına və hətta ştambdan yuxarıda müəyyən miqdarda yan zoğların əmələ gəlməsinə şərait yaradır. Digər tərəfdən, keçən il yetişdirilmiş birillik gümrah tinglər, bu il üçünçü tarlada, vegetasiya dövrünün əvvəllərindən başlayaraq, ştambdan yuxarıda çoxlu zoğ əmələ gətirir. Belə zoğlar vegetasiya dövrünün uzun olması ilə əlaqədar həm uzanır, həm də yoğunlaşa bilir. Üçünçü tarlada çətir yaratmaqla bağlı tətbiq olunan cərrahi əməliyatlardan ən əsası, çətrin formasından asılı olmayaraq, yan zoğların əmələ gəlməsi üçün tingin ucunun kəsilib atılmasıdır. Bunun üçün yazda, tingdə şirə hərəkəti başlamazdan, tumurcuqların şişməsindən çox əvvəl, iqlim şəraitindən asılı olaraq aran rayonlarda fevralda, dağətəyi rayonlarda isə martda hər tingin ucunu bıcaqla və ya sekatorla kəsib atırlar və müvafiq çətir formasının əsasənə qoyurlar. Meyvəçiliyin intensivləşdirilməsilə əlaqədar süni çətir formaları müasir dövrdə daha geniş tətbiq edilir. Onların əksəriyyəti bağda yaradıldığından, bu çətir forması veriləcək bitkilər tingliyin ikinci tarlasından realizə edilir.
3.3.2. Tinglərin çıxarılması, çeşidlənməsi, saxlanılması və realizəsi
Tingin çıxarılmaq üçün hazırlanması. Tinglər, payızda yarpaqlarını tökdükdən sonra çıxarılıb bağ salmaq üçün istifadə edilir. Tinglərin çıxarılmasını asanlaşdırmaq məqsədilə sahə alaq otlarından təmizlənir, yumşaldılır, torpaq quru olduqda sahə suvarılır. Realizə olunmalı tinglərin ümumi miqdarını müəyyənləşdirdikdən sonra onların çıxarılması, çeşidlərə ayrılması, daşınması, müvəqqəti saxlanması, qabqarılması və realizə olunması üçün tələb olunan işçi qüvvəsi, maşın, çəkici qüvvə, həsir, kəndir, sintetik pərdə, qarğı, torf, etiket, ağac kəpəyi, müxtəlif kimyəvi maddələr və digər materialların miqdarı da müəyyənləşdirilir.
Təsərrüfatın mütəxəssisləri sifarişlər əsasında hər rayon və təsərrüfata göndəriləcək tingin miqdarını, sortun pomoloji adını, calaqaltıların tipini, əsas sortların və tozlayıcı sortların tərkibini müəyyənləşdirirlər. Tinglərin çıxarılmasından çox əvvəl - avqust ayında, bütün sahələrdə aprobasiya aparılır, şəbəkələrdə, sərnələrdə və cərgələrdə sort tərkibi yoxlanır, yad sortlara etiket bağlanır, sort tərkibinin qarışmaması üçün onların ayrılıqda çıxarılması planlaşdırılır. Xəstə, zədəli, eybəcər, bağ salmaq üçün yararsız tinglərin miqdarı müəyyənləşdirilir. Onlar ayrıca çıxarılır, akt tərtib edilir və yandırılır.