Bu zaman torpağın düzgün becərilməsi həlledici əhəmiyyətə malikdir. Odur ki, yazın əvvəllərində, hələ vegetasiya dövrü başlamazdan qabaq cərgəaraları mexanizmin tətbiqi ilə, bitkiarası isə cərgələrin uzununa, onun hər iki tərəfində 6-8 sm dərinliyində 5-6 dəfə əllə yumşaldılır, sahə alaq otlarından təmizlənir. Süni suvarma tətbiq olunan rayonlarda torpağın yumşaldılması, hər dəfə sahəni suvardıqdan 2-3 gün sonra, dəmyə şəraitdə isə hər dəfə yağışdan 2-3 gün sonra aparılır.
Birinci tarlada olduğu kimi ikinci tarlada da cərgəaralarına 8-10 dəfə kultivator çəkilir. Sahə vegetasiya dövründə 4-12 dəfə şırımla və yağış yağdırma üsulları ilə hər dəfə 500-600 m3/ha norma ilə suvarılmalıdır. Torpağın rütubətliliyi onun aşağı rütubət tutumunun 75-80 %-ni təşkil etməlidir. Hər suvarmadan 2-3 gün sonra cərgəaralarına kultivasiya çəkilir. Sahə bütün vegetasiya ərzində alaqlardan təmiz, yumşaq, rütubətli, qara herik vəziyyətində saxlanır. Alaq otlarına qarşı mübarizə məqsədilə, tumlu meyvə bitkilərinin tingləri yetişdirilən sahənin hər hektarına 3-4 kq kq/ha “Simazin”, yaxud da 1,5-2 kq/ha hesabı ilə “Atrazin” verilir. Bunun üçün herbisid 600 1 suda əridilərək vegetasiya dövrünün əvvəllərində bir dəfə cərgəaralarına çilənir. Yetişdirilən tingin sağlam kök sistemi və yerüstü hissə əmələ gətirməsi üçün vegetasiya dövründə sahəyə yemləmə şəklində gübrə verilməsi çox faydalıdır. Gübrəni verdikdən sonra sahə suvarılır. Aparılan tədqiqatlarla ikinci tarlaya mürəkkəb mineral gübrələrin verilməsinin daha faydalı olduğu aşkar edilmişdir.
3.3.1.3. Calaqlıq şöbəsinin üçüncü tarlası
Müasir intensiv meyvəçilikdə meyvə bağı salmaq üçün bir qayda olaraq meyvə tingini bir yaşında, calaqlıq şöbəsinin ikinci tarlasından realizə edirlər. Belə tingləri bağa əkdikdən sonra onlarda müəyyən çətir formaları yaradılır. Bəzən isə ya tingə ehtiyac olmur, yaxud birillik tinglər qəbul olunmuş standart göstəricilərə uyğun gəlmir, ya da bağ salmaq üçün çətİrin təməli qoyulmuş ikiillik tinglər tələb olunur. Bu zaman bağ salmaq üçün ting iki yaşında üçüncü tarladan realizə olunur. Buna görə də keçən il ikinci adlanan tarla bu ilin yazından başlayaraq vegetasiya dövrünün axırınadək üçüncü tarla adlanır. Üçüncü tarlada birillik, yan zoğları olmayan və ya ştambdan yuxarıda bir neçə ədəd qısa zoğlu tinglər olur.