Vegetasiya dövründə qeyd olunan bütün aqrotexnoloji əməliyyatların ardıcıl tətbiqi calaqaltıların normal böyüməsinə, yoğunlaşmasına və iyul ayının əvvəllərində göz calağı üçün yararlı olmasına şərait yaradır. Göz calağı vurmağa başlamazdan əvvəl sahə alaq otlarından təmizlənir, suvarılır, torpaq yumşaldılır, calaqaltılar calaq üçün hazırlanır. Calaqçılara əvvəlcədən təlimat verilir, sortlar üzrə calaqüstü material tələb olunduqca tədarük edilir. Göz calağı vurulduqdan 2-3 həftə sonra gözlərin tutması qeyd olunan qayda üzrə yoxlanır, göz calağı tutmayan calaqaltılara yenidən calaq vurulur.
Calaqaltının calaqdan yuxarı hissəsi adətən erkən yazda kəsilir. Çünki yay göz calağı zamanı calaqaltıların calaqdan yuxarı hissəsinin kəsilməsi gözün vaxtından əvvəl oyanmasına səbəb olur. Oyanmış gözdən əmələ gələn zoğlar isə qışa qədər normal yetişə bilmədiyindən ilk payız şaxtalarının təsirindən məhv olur.
3.3.1.2. Calaqlıq şöbəsinin ikinci tarlası
Keçən il birinci tarla adlanan tarla bu ilin yazında ikinci tarla adlanır. Bu tarlada keçən il calanmış gözlərin müəyyən qismi şaxtanın, küləyin təsirindən, habelə rütubətin artıqlığından və başqa səbəblərdən məhv ola bilər. Ona görə də keçən il calanmış gözlərin vəziyyəti yazın əvvəllərində - fevral-mart aylarında yoxlanılır. Bunun üçün dibdoldurma tətbiq edilmiş bitkilərdə ştamb hissədən torpaq ehtiyatla kənar edilir və sarıq açılır. Calaq edilmiş gözlərin şişkinliyi, qabığının sığallı olması onun tutduğunu göstərir. Gözün tutması şübhə oyadarsa onun bir tərəfini dırnaqla və ya bıçağın ucu ilə azca zədələmək lazım gəlir. Zədələnmiş yerin yaşıl rəngli olması calağın tutduğunu, qonur rəngli olması isə onun tutmadığını göstərir. Calaq tutmayan calaqaltılara yenidən calaq vurulur. Bu zaman əsasən yaz göz calağı tətbiq edilir. Calaqaltılara mart ayının 5-10-dan sonra qondarma, qabıq oduncaqdan ayrılan vaxtdan isə adi göz calağı vurulur. Nisbətən yoğun calaqaltılara isə qələm calağının müxtəlif növləri, əsasən adi qələm calağı və ya qabıqaltı calaq növü ilə calaq vururlar.
Təmir olunması mümkün olmayan yoğun, eybəcər calaqaltıları çıxarıb kənar edir, yararlı yoğun calaqaltıları isə toxumluq ana bağ və ya klon calaqaltılar sahəsinin təmiri üçün istifadə edirlər. İkinci tarlanın təmiri məqsədilə həmçinin qış calağı vurulmuş bitkiləri, səpin tarlasında calanmış bitkiləri, anaclıq klon calaqaltılar sahəsində calanmış bitkiləri, habelə istixanada interkalyar calaq vurulmuş bitkiləri də çıxarıb, bu tarlada əkirlər. Bu əməliyyat yazda tumurcuqların oyanmasından çox əvvəl aparılmalıdır.
Vegetasiya dövrü başalamazdan çox əvvəl sarğılar açılır, zoğ əmələgəlmə prosesini sürətləndirmək məqsədilə calaqaltıların calaq vurulmuş yerdən yuxarı hissəsini iti qayçı və ya bağ bıçağı ilə 45° mailliyində kəsib atırlar (Şəkil 3.7).
Təmir zamanı qələm calağı vurulduqda qələm üzərində olan tumurcuqlar oyanaraq zoğ əmələ gətirir. Bu zaman əmələ gəlmiş 3-4 zoğdan ən sağlamını seçib ting yetişdirmək üçün saxlayır, qalan zoğları isə dibindən kəsib atırlar. Xəstəlik və zərərvericilərin yayılmasının qarşısını almaq məqsədilə kəsilmiş zoğlar sahədən çıxarılaraq yandırılmalıdır.
İkinci tarlada tətbiq olunan texnoloji əməliyyatların vaxtında və düzgün, yüksək səviyyədə və kompleks şəkildə tətbiqi nəticəsində payızda bağ salmaq üçün tam yararlı birillik, çətirsiz və ya çətirin təməli yaradılmış standart ting yetişdirilir.