Calaqaltıları şaxtadan qorumaq, kök sisteminin normal inkişafına münbit şərait yaratmaq, və d. məqsədlərlə onlar əkildikdən sonra, yumşaq və rütubətli torpaqla dibdoldurma tətbiq edilməlidir. Payızda əkilmiş calaqaltılarda dibdoldurma 15 sm hündürlüyündə, yazda əkilmiş calaqaltılarda isə 10-12 sm hündürlüyündə olmalıdır. Dibdoldurma əməliyyatı kiçik təsərrüfatlarda əllə, iri təsərrüfatlarda isə dibdolduran maşınla aparılır. Klon calaqaltılarda dibdoldurma nəticəsində çoxlu miqdarda, göz calağına imkan verməyən, kök kütləsi əmələ gəlir. Bu maneənin aradan qaldırılması üçün payızda doldurulmuş torpağı yazın əvvəllərində, yazda doldurulmuş torpağı isə bir aydan sonra gövdədən kənara çəkirlər. Toxmacarlarda dibdoldurmanın nə vaxt icra olunmasından asılı olmayaraq, göz calağı vurulan dövrdə torpağı gövdədən kənara çəkmək lazımdır.
Səpilmiş meyvə toxumlarından əmələ gəlmiş cücərtilər sıx olduqda, onlar bir-birinə maneə törədir. Odur ki, cücərtilər filqə yarpaq dövründə, birinci dəfə seyrəldilir, seyrəltmədən sonra cərgədə bitkiarası 5-6 sm qoyulur. Birinci seyrətltmədən iki-üç həftə sonra ikinci seyrəltmə tətbiq edilir. Bu zaman bitkiarası məsafə 12-15 sm saxlanır.
Torpağın rütubətli və ya quru olmasından asılı olmayaraq calaqaltılar əkildikdən, yaxud toxumlar səpildikdən dərhal sonra sahəni suvarmaq lazımdır.
Kök sisteminin yerləşdiyi torpaq qatı həmişə rütubətli olmalıdır (torpağın ən aşağı rütubət tutumu 70-80 %-dən az olmamalıdır). Sahəni elə suvarmaq lazımdır ki, su torpağın 50 sm-dən az olmayaraq dərinliyinə hopa bilsin. Torpaq-iqlim şəraitindən asılı olaraq vegetasiya dövründə sahəni 4-12 dəfə suvarmaq lazımdır.
Calaqaltıların normal böyüməsi üçün gübrələrin tətbiqi böyük rol oynayır. Mineral gübrələrin suvarma ilə birlikdə verilməsi kök sisteminin genişlənməsinə və köklərin uzan-masına şərait yaradır. Peyin şirəsi ilə NPK-nın və suvarmanın birlikdə üç dəfə tətbiqi birinci tarlaya əkilmiş alma toxmacarlarında calağın tutma faizinin 95,5 olmasına səbəb olur. Vegetasiya dövründə suvarma ilə yanaşı, birinci tarlaya peyin şirəsinin yemləmə şəklində bir-iki dəfə verilməsi, calaqaltıların əksər qisminin vaxtında göz calağı üçün yararlı olmasına və calanmış gözlərin tutma faizinin artmasına səbəb olmuşdur. Dəmyə şəraitdə suvarma tətbiq etmədən gübrələrin, xüsusilə mineral gübrələrin yemləmə şəklində quru halda sahəyə verilməsi səmərəsiz, bəzən hətta ziyanlı olur. Belə şəraitdə yemləmə gübrəsinin məhlul halında verilməsi çox faydalıdır. Kiçik təsərrüfatlarda gübrəni tarlaya əllə səpərək toxalayır, sonra isə sahəni suvarırlar. Böyük təsərrüfatlarda əvvəlcə tarlanı şırımla suvarır, bir neçə gündən sonra gübrəni şırıma səpir, sonra şırıma kultivator çəkməklə onu torpaqla örtürlər. Hektara yemləmə şəklində, təsiredici maddə hesabı ilə 30...60 kq azot verilir. Geniş sahələrdə, bitki yemləndirən kultivatorla, hektara 1-1,5 sent ammonium şorası verilərək sahə suvarılır.
Birinci tarlada sahə alaq otlarından təmiz, qara herik vəziyyətində, torpaq yumşaq və rütubətli olmalıdır. Bu məqsədlə kiçik sahələrdə torpağı əllə, geniş sahələrdə isə müvafiq mexanizmin, texnikanın köməyilə becərirlər. Cərgəaralarına 8-12 sm dərinliyində kultivasiya çəkilir. Birinci kultivasiya adətən calaqaltılar əkildikdən sonra aparılır. Alaq otlarının və qaysağın əmələ gəlməsindən asılı olaraq vegetasiya dövründə sahəyə 6-8 dəfə kultivator çəkilir. Kultivatorun səliqəli çəkilməsi həm alaq otlarını məhv edir, həm də torpağın yumşaq vəziyyətdə saxlanmasına şərait yaradır. Bitkiaralarında olan alaq otlarının məhv edilməsi və orada torpağın yumşaldılması əl ilə aparılır.