3.3.1. Formavermə və ya calaqlıq şöbəsi
Meliorativ tədbirlərin tətbiqindən sonra calaqlıq şöbəsinin təşkili üçün ayrılmış sahə calaqaltıların əkilməsindən və meyvə toxumlarının səpilməsi vaxtından 4-5 ay əvvəl şumlanmalı və səthi düzləndirilməlidir. Tingin kök sisteminin normal inkişafı üçün plantaj şum həlledici əhəmiyyətə malikdir. Plantaj şumundan sonra torpaq yumşalır, hava, su rejimi yaxşılaşır, rütubət ehtiyatı artır, sahə alaq otlarından təmizlənir.
Şum qatı qalın olan torpaq sahəsi 50-60 sm dərinliyində şumlanır. Plantaj şumunun keyfiyyəti torpağın vəziyyətindən də asılıdır. Həddindən artıq rütubətli və və yaxud quru torpaqlarda şum aparılması yaxşı nəticə vermir. Rütubətliliyi orta dərəcədə olan torpaqlarda plantaj şumunun tətbiqi çox faydalıdır. Qışı mülayim keçən rayonlarda calaqaltıların əkilməsi və meyvə toxumlarının səpilməsi payızda şaxtalar düşənədək icra olunur. Odur ki, bu şəraitdə sahəni iyul-sentyabr ayında şumlayırlar. Qışı sərt keçən rayonlarda isə calaqaltıların əkilməsi və meyvə toxumlarının səpilməsi yazda tətbiq olunur. Odur ki, bu şəraitdə sahəni payızda şumlayırlar. Plantaj şumundan sonra torpaqdakı rütubətin buxarlanması və torpağın bərkiməsinin qarşısını almaq məqsədilə sahəni dərhal diskiləmək, malalamaq və kultivasiya aparmaq lazımdır.
Torpağın qida maddələrilə təmin olunma dərəcəsini nəzərə alaraq hər hektara 20-50 ton üzvi gübrə, təsiredici maddə hesabı ilə 60-90 kq fosfor, kalium verilir. Sələf bitki olduqda hektara 10-30 ton üzvi gübrə verilməci tövsiyə edilir. Plantaj şumu tətbiq olunmuş sahəyə gübrə verib, onu təkrar 30-35 sm dərinliyində şumlayırlar. Sələf kimi tərəvəz, tarla bitkiləri, habelə qara herik olan sahədə plantaj şumunun tətbiqinə ehtiyac qalmır. Bu halda sahəyə üzvi və mineral gübrəni qeyd olunan normada verib, onu 30-35 sm dərinliyində şumlayaraq dərhal səthini düzəltmək, malalamaq və kultivator çəkmək lazımdır. Calaqaltılar əkiləcək və meyvə toxumu səpiləcək sahənin alaq otlarından təmiz saxlanması, qaysağın əmələ gəlməsinin qarşısını almaq məqsədilə sahəyə kultivatorun bir neçə dəfə çəkilməsi tələb olunur. Calaqaltılar əkilməzdən və toxum səpilməzdən qabaq, torpağın yumşaldılması məqsədilə, torpaq layını çevirmədən tırtıllı traktora qoşulmuş mala, şleyf və kultivatordan ibarət aqreqat bir neçə dəfə sahəyə çəkilir və səthi düzəldilir. Calaqlıq və ya formavermə şöbəsinin təşkili üçün sahə növbəli əkin sxemi əsasında tarlalara bölünür.
3.3.1.1. Calaqalıq şöbəsinin birinci tarlası
Calaqlıq şöbəsinin I tarlası müxtəlif üsullarla yaradıla bilər (Sxem 3.7).
Tingin yetişdirilməsi texnologiyasından asılı olaraq calaqaltılara müxtəlif qida sahələri verilir (Sxem 3.8).
Birinci tarlada tətbiq olunan əsas qulluq işləri. Əkilmiş calaqaltıların normal böyüməsi və inkişafı məqsədilə sahə alaq otlarından təmiz, torpağı yumşaq, rütübətli, calaqaltılar isə xəstəlik və zərərvericilərdən azad olmalıdır. Bu məqsədə çatmaq üçün bütün texnoloji əməliyyatlar ardıcıl, yüksək səviyyədə və kompleks tərzdə, vaxtında tətbiq olunmalıdır (Sxem 3.9).