Əkin dövriyyəsinə çoxillik və birillik ot bitkiləri, dənli, dənli-paxlalı, tərəvəz bitkiləri, bitkili və bitkisiz herik sistemləri daxil edilir. Əkin dövriyyəsini elə tərtib etmək lazımdır ki, eyni tarlada becərilən birinci bitki ondan sonra becəriləcək bitki üçün əlverişli şərait yaratsın. Sahə vahidindən standart calaqaltı və ting çıxımının keyfiyyəti və kəmiyyəti sələf bitkidən asılıdır.
Çoxillik ot bitkiləri torpağı üzvi kütlə ilə zənginləşdirir. Lakin rütubətlə təmin olunmamış rayonlarda rütubət ehtiyatını artıra bilmədiyindən, onlar meyvə bitkiləri üçün sələf olduqda sahə vahidindən ting çıxımına və tingin keyfiyyətinə mənfi təsir göstərir. Quraq rayonlarda meyvə tinginin yetişdirilməsi zaman qara heriyin sələf olması sahənin alaq otlarından təmizlənməsinə, hava rejimi ilə su rejiminin normal nisbətdə olmasına şərait yaradır ki, bu da öz növbəsində standart, yüksək keyfiyyətli ting çıxımını təmin edir. Günəbaxan, qarğıdalı, çuğundur torpağı taqətdən saldığından, onların əkin dövriyyəsinə daxil edilməsi tövsiyə edilmir. Çoxillik ot bitkiləri yaxşı inkişaf edə bilməyən şəraitdə, sahəyə yüksək normada – 40...50 ton üzvi gübrə verib orada birillik paxlalı bitkilərin becərilməsi məsləhət görülür. Bu əməliyyat torpağın münbitliyini yüksəldir, fiziki xüsusiyyətlərini yaxşılaşdırır, bundan sonra becəriləcək çoxillik ot bitkilərinin normal böyüməsi və inkişafı üçün şərait yaradır. Su ilə təmin olunmuş rayonlarda əkin dövriyyəsi sxemində əsas yeri çoxillik ot bitkiləri və heriklə cərgəarası becərilən bitkilər tutur. Humussuz, az humuslu, ağır, bərk, zəif strukturlu, münbitliyi zəif olan torpaqların su ilə təmin olunmuş şəraitdə yaxşılaşdırılması üçün çoxillik ot bitkilərinin becərilməsi məsləhət görülür.