Ərazidə söyüd, qızılağac, qarğı, qamış, cil, çiyan kimi hiqrofıt bitkilərin bitməsi həmin ərazının həddindən artıq rütubətli olmasını, ərazidə tamariks (ulğun və ya yulğun), şoranotu, sarıbaş, xöstək bitkiərinin bitməsi sahənin torpağının turş, şoran olmasını bildirir. Ərazidə cır püstə (saqqız ağacı), badam, dağdağan, murdarça, yovşan, məryəm noxudu, qaratikan kimi bitkilərin təbii halda bitməsi ərazinin quraq olmasını, qələmə, qovaq və bağqa ağacların ucunun quruması isə qrunt sularının torpaq səthinə yaxın olmaqla kök sisteminin səviyyəsinə çataraq onun havasız qaldığını göstərir. Qeyd olunan hal meyvə bitki cinslərinin sahədə düzgün yerləşdirilməsini və ərazidə tətbiq olunacaq meliorativ əməliyyatın labüdlüyünü əvvəlcədən göstərir.
Ərazinin alaq otlarından və zərərvericilərdən təmizliyi. Ərazidə alaq otlarının mövcudluğu, habelə müxtəlif zərərvericilərin olması onun təmizlənməsi üçün üzafi xərc, əmək və vaxt tələb edir. Odur ki, ərazi çayır, kalış, quzukökəldən, kökrə, ayrıq otu, quduzotu və başqa alaq otlarından, habelə danadişi, məftil qurdu, böcək və başqa zərərvericilərdən təmiz olmalıdır.
3.2.2. Sahənin seçilməsində təsərrüfat-təşkilati şərait
Tinglik təsərrüfatında texnoloji proseslərin ardıcıl, vaxtında və yüksək səviyyədə tətbiqi, tələb olunan vasitə və materialla müntəzəm təmin edilməsi, yetişdirilmiş tinglərin xarab olmadan dərhal müəyyən edilmiş təsərrüfatlara çatdırılması məqsədilə seçilən ərazi su, dəmir və avtomobil yollarına yaxın olmalıdır.
Tinglik sahəsinin vaxtında suvarılmasını təmin etmək üçün seçilmiş ərazi təbii su mənbələrinə - gölə, çaya yaxın olmalıdır. İsti rayonlarda tingin yetişdirilməsi üçün su əsas amildir. Aparılmış tədqiqatlarla, adətən süni suvarma tətbiq olunmayan dəmyə rayonlarda da, xüsusilə quraqlıq dövrlərdə tingliyin süni suvarılmasının həlledici əhəmiyyət kəsb etdiyi sübut edilmişdir. Su xəstəliklərə, zərərvericilərə qarşı mübarizə məqsədilə kimyəvi zəhərli məhlulun hazırlanması üçün də tələb olunur. Tingliyin suvarılan və ya dəmyə şəraitdə yaradılmasından asılı olmayaraq ərazi təbii su mənbələrinə yaxın olmalıdır.
Tinglik təsərrüfatı bütün il ərzində çoxlu işçi qüvvəsi tələb edir. Bir sıra mühüm cərrahi əməliyyatların icrası və bitkilərin vegetativ üsulla çoxaldılması üçün isə yüksək ixtisaslı mahir sənətkarların fəaliyyəti tələb olunur. Bu hal təsərrüfatın işçi qüvvəsi ilə təmin olunması üçün ərazinin yaşayış məntəqələrinə yaxınlığını tələb edir. Tinglik təsərrüfatının perspektivliyini nəzərə alaraq seçiləcək ərazinin genişliyi tələb olunur. Elə ərazi seçmək lazımdır ki, plan əsasında gələcək illərdə tingliyin ayrı-ayrı şöbələrinin genişləndirilməsinə, işçilərin maddi rifahının daha da yaxşılaşdırılmasına, yeni binaların inşasına hər cür imkan olsun.
3.2.3. Sahənin hazırlanması və təşkili
Ərazinin hazırlanması. Tinglikdə texnoloji əməliyyatların rahat tətbiqi üçün sahə təmiz, səthi isə düz olmalıdır. Bu məqsədlə ting yetişdirilməsinə başlamazdan çox əvvəl ərazini yararlı hala salmaq lazımdır. Ərazinin yararlı vəziyyətə salınmasına, onun meliorasiyası - yaxşılaşdırılması deyilir. Seçilmiş ərazidə təbii halda bitən ağac, kol bitkiləri, kötük, daş, dərə, təpə, yarğanlar, xəndəklər, quyular ola bilər.