Qələm tədarükünü asanlaşdırmaq, sort tərkibini qarışdırmamaq üçün bağda hər meyvə cins və sortundan olan ağacları ayrı-ayrı cərgələrdə əkmək lazımdır. İstifadə olunma istiqamətinə görə qələmlik ana bağı aşağıdakı iki tipə ayırırlar:
Adi qələmlik ana ba. Belə bağ tipinin əsas xüsusiyyəti ondan ibarətdir ki, calaq vurmaq üçün qələm bir qayda olaraq məhsul verməyə başlamış ağaclardan tədarük edilir. Sort tərkibinin təmizliyi üçün bağ salındıqdan 2-3 il sonra aprobasiya aparılır. Ağaclar məhsul verməyə başladıqdan sonra isə aprobasiya hər il müntəzəm aparılır. Aprobasiya əsasında sort qarışığı aşkar olunarsa, sorta məxsus olmayan ağaclar rənglə nişanlanır, sonra payızda onları çıxarıb, yerinə sorta aid olan cavan ağac əkirlər. Aprobasiya prosesində yüksək keyfiyyətli və bol məhsul verən ağaclar nişanlanır və onlardan qələm tədarük edilir. Aprobasiyanın hər ilki nəticələri xüsusi aprobasiya kitabında qeydə alınır. Ağacın yaşı standart ting çıxımına böyük təsir göstərir. Qərzəklıi meyvə bitkilərindən cəviz və şabalıd sortlarının ağacları 25 yaşdan, badam və püstə sortlarının ağacları isə 10-15 yaşdan artıq olmamalıdır;
İntensiv tipli qələmlik ana bağ. Bəzən nadir, çox qiymətli bioloji xüsusiyyətlərə və təsərrüfat göstəricilərinə malik sortların sənaye meyvə bağlarında becərilməsi labüdlüyü meydana çıxır. Lakin belə nadir sortların ağacları az olduğundan bağın salınması mümkün olmur. Bu halda həmin sortların artırılması üçün məhsul verməyən 2-3 yaşlı ağaclardan qələm tədarükü tövsiyə edilir. Buna görə də bu üsula intensiv üsul və ya sürətlə çoxaltma üsulu deyilir. Belə ağaclardan çoxlu qələm tədarük etmək üçün onları hər il güclü budayırlar. Belə sortlardan bağ salındıqdan sonra aprobasiya hər il müntəzəm aparılır, yüksək məhsul verən ağaclar seçilib nişanlanır və aprobasiya kitabında qeydə alınır.
Adi qələmlik ana bağda ağaclar 3-4 m hündürlüyündə saxlanır, çətirin həcmi məhdud-laşdırlır, daxili seyrəldilir. İntensiv tipli qələmlik ana bağda ağacın ştambı kiçik olur, çətirin hər il güclü budanması onun məhdudlaşmasına və ağacın boyunun 2-3 m hündürlükdə olmasına səbəb olur.
İntensiv tipli qələmlik ana bağda becərilən ağaclardan hər il kifayət qədər çilik tədarük edilir. 0,25 ha intensiv tipli qələmlik ana bağda becərilən ağaclardan tədarük edilmiş qələmlə, calaqlıq şöbəsinin bir hektar tarlasında becərilən bütün calaqaltılara göz calağı vurmaq olur. Qələmlik ana bağların salınması və bağda tətbiq olunan aqrotexnoloji əməliyyatlar adi meyvə bağlarında olduğu kimidir. Burada ağaclar üzərində müntəzəm yoxlama aparılır, aşkara çıxarılmış virus, mikoplazma mənşəli xəstəliklərə və zərərvericilərə yoluxmuş ağaclar dərhal çıxarılaraq yandırılır.
Qələmlik ana bağda əkilmək üçün qərzəkli meyvə bitkilərinin tingləri virus xəstəliklərindən, karantin zərərverici və xəstəliklərdən təmiz olmalıdır.
2.2.1. Tinglərin fumiqasiyası və saxlanması şöbəsi
Fumiqasiya kamerası. Tinglərin xəstəlik və zərərvericilərdən zərərsizləşdirilməsi məqsədilə tinglikdən çıxarılaraq çeşidlənmiş tingləri, cins, sort və calaqaltı tiplərini qarışdırmadan xüsusi kamerada metil-brom və başqa preparatların tətbiqi ilə zərərsizləşdirirlər. Tinglikdən hər il realizə olunacaq tinglərin miqdarına uyğun olaraq fumiqasiya kameralarının miqdarı və həcmi müəyyənləşdirilir.