Belə sortlardan bağ salındıqdan sonra aprobasiya hər il müntəzəm aparılır, yüksək məhsul verən ağaclar seçilib nişanlanır və aprobasiya kitabında qeydə alınır.
Adi qələmlik ana bağda ağaclar 3-4 m hündürlüyündə saxlanır, çətirin həcmi məhdud-laşdırlır, daxili seyrəldilir. İntensiv tipli qələmlik ana bağda ağacın ştambı kiçik olur, çətirin hər il güclü budanması onun məhdudlaşmasına və ağacın boyunun 2-3 m hündürlükdə olmasına səbəb olur.
İntensiv tipli qələmlik ana bağda becərilən ağaclardan hər il kifayət qədər çilik tədarük edilir. 0,25 ha intensiv tipli qələmlik ana bağda becərilən ağaclardan tədarük edilmiş qələmlə, calaqlıq şöbəsinin bir hektar tarlasında becərilən bütün calaqaltılara göz calağı vurmaq olur. Qələmlik ana bağların salınması və bağda tətbiq olunan aqrotexnoloji əməliyyatlar adi meyvə bağlarında olduğu kimidir. Burada ağaclar üzərində müntəzəm yoxlama aparılır, aşkara çıxarılmış virus, mikoplazma mənşəli xəstəliklərə və zərərvericilərə yoluxmuş ağaclar dərhal çıxarılaraq yandırılır.
Qələmlik ana bağda əkilmək üçün qərzəkli meyvə bitkilərinin tingləri virus xəstəliklərindən, karantin zərərverici və xəstəliklərdən təmiz olmalıdır.
Tinglərin fumiqasiyası və saxlanması şöbəsi. Fumiqasiya kamerası. Tinglərin xəstəlik və zərərvericilərdən zərərsizləşdirilməsi məqsədilə tinglikdən çıxarılaraq çeşidlənmiş tingləri, cins, sort və calaqaltı tiplərini qarışdırmadan xüsusi kamerada metil-brom və başqa preparatların tətbiqi ilə zərərsizləşdirirlər. Tinglikdən hər il realizə olunacaq tinglərin miqdarına uyğun olaraq fumiqasiya kameralarının miqdarı və həcmi müəyyənləşdirilir.
Ting saxlanılan bina və sahə. Çiliklərin, qış calağı ilə yetişdirilmiş tinglərin, habelə çiliklə çoxaldılmış klon calaqaltılarının açıq sahəyə əkilənədək və ya realizə olunanadək itkisiz saxlanması üçün xüsusi bina və ya anbar olur. Binanın və ya anbarın içərisində havanın temperaturunu və nəmliyini tənzimləmək üçün xüsusi qurğu və avadanlıqdan istifadə olunur.
Tinglikdən çıxarılıb çeşidlərə ayrılmış tingləri müvəqqəti (qısa müddətli) saxlamaq üçün onların köklərini torpaqla örtülmüş vəziyyətdə saxlayırlar. Bunun üçün açıq sahədə su yığılmayan, ərzaq anbarlarından, ot tayalarından, yaşayış binalarından kənarda, kəsicilər, gəmiricilər yığılmayan yerdə düz sahə seçilir. Üzvi gübrə verildikdən sonra sahə dərin şumlanır, səthi düzəldilir, tinglərin köklərini torpaqla örtmək üçün dərin və uzun şırımlar açılır. Cinsləri, sortları, çeşidləri qarışdırmadan cərgə ilə şırımın içərisinə düzüb, köklərini torpaqla örtür və etiketlə nişanlayırlar. Sahəyə kənd təsərrüfatı heyvanlarının girməməsi üçün onun ətrafına dəmir tordan hasar çəkirlər. Artıq rütubətin kənar olması üçün sahənin ətrafında xəndəklər qazılır. Qeyd olunanlardan başqa tinglik təsərrüfatında stratifikasiya zirzəmiləri, soyuducu kameralar, qış calağı üçün bina, virusologiya laboratoriyası da nəzərdə tutulmalıdır.
Qələmlik ana bağ şöbəsi. Qələmlik ana bağın vəzifəsi calaqlıq şöbəsini calaqüstü materialla - qələmlə təmin etməkdən ibarətdir. Belə bağda hər bölgə üçün qəbul olunmuş standart meyvə bitki sortları becərilir. Bağın salınması üçün nəzərdə tutulmuş sortların tingləri superelit, elit material olmaqla virus, mikoplazma və başqa xəstəliklərdən, zərərvericilərdən azad, sağlam, standart, sort tərkibi dəqiq müəyyənləşdirilmiş olmalıdır.