6. Toxum xammalı emalı sexi, toxumların saxlanılması üçün soyuducu anbar, toxumların keyfiyyətinin sınanılması laboratoriyası.
7. Toxumların səpinə hazırlanması (stratifikasiyası) və səpinqabağı dezinfeksiyası və dezinseksiyası üçün xüsusi bina.
8. Mikroiqlim tənzimlənən örtülü qrunt sahəsi. Burada yaşıl çiliklərlə çoxaltma ilə yanaşı, mikroklonal üsulla çoxaldılmış əkin materialının açıqqrunt şəraitinə köçürülərək kök atması həyata keçirilir.
9. Maşın və avadanlıqların, kimyəvi vasitələrin və preperatların saxlanılması üçün anbar.
10. Kimyəvi preparatlardan işçi məhlulların hazırlanması üçün xüsusi yer (sex).
Toxumluq ana bağ şöbəsi . Belə bağın yaradılmasında məqsəd tinglik təsərrüfatını meyvə toxumu ilə təmin etməkdir. Burada tədarük edilmiş toxumları tinglikdə səpib, onlardan uca boylu toxmacarlar - calaqaltılar yetişdirilir. Belə bağda hər respublika üçün qəbul olunmuş calaqaltılardan toxumluq ağaclar becərilir. Toxum tədarükünü asanlaşdırmaq üçün hər meyvə bitki cinsindən olan ağaclar cərgə ilə ayrıca əkilir. Toxumluq ana bağın salınması üçün sahənin seçilməsi, əkinə hazırlanması, ağacın əkilmə qaydası və tətbiq olunan bütün texnoloji əməliyyatlar meyvə bağlarında olduğu kimidir (Z.M.Həsənov, C.M.Əliyev, 2007, 2011).
Qələmlik ana bağ şöbəsi. Qələmlik ana bağın vəzifəsi calaqlıq şöbəsini calaqüstü materialla - qələmlə təmin etməkdən ibarətdir. Belə bağda hər bölgə üçün qəbul olunmuş standart meyvə bitki sortları becərilir. Bağın salınması üçün nəzərdə tutulmuş sortların tingləri superelit, elit material olmaqla virus, mikoplazma və başqa xəstəliklərdən, zərərvericilərdən azad, sağlam, standart, sort tərkibi dəqiq müəyyənləşdirilmiş olmalıdır.
Qələm tədarükünü asanlaşdırmaq, sort tərkibini qarışdırmamaq üçün bağda hər meyvə cins və sortundan olan ağacları ayrı-ayrı cərgələrdə əkmək lazımdır. İstifadə olunma istiqamətinə görə qələmlik ana bağı aşağıdakı iki tipə ayırırlar:
Adi qələmlik ana bağ. Belə bağ tipinin əsas xüsusiyyəti ondan ibarətdir ki, calaq vurmaq üçün qələm bir qayda olaraq məhsul verməyə başlamış ağaclardan tədarük edilir. Sort tərkibinin təmizliyi üçün bağ salındıqdan 2-3 il sonra aprobasiya aparılır. Ağaclar məhsul verməyə başladıqdan sonra isə aprobasiya hər il müntəzəm aparılır. Aprobasiya əsasında sort qarışığı aşkar olunarsa, sorta məxsus olmayan ağaclar rənglə nişanlanır, sonra payızda onları çıxarıb, yerinə sorta aid olan cavan ağac əkirlər. Aprobasiya prosesində yüksək keyfiyyətli və bol məhsul verən ağaclar nişanlanır və onlardan qələm tədarük edilir. Aprobasiyanın hər ilki nəticələri xüsusi aprobasiya kitabında qeydə alınır. Ağacın yaşı standart ting çıxımına böyük təsir göstərir. Qərzəklıi meyvə bitkilərindən cəviz və şabalıd sortlarının ağacları 25 yaşdan, badam və püstə sortlarının ağacları isə 10-15 yaşdan artıq olmamalıdır;
İntensiv tipli qələmlik ana bağ. əzən nadir, çox qiymətli bioloji xüsusiyyətlərə və təsərrüfat göstəricilərinə malik sortların sənaye meyvə bağlarında becərilməsi labüdlüyü meydana çıxır. Lakin belə nadir sortların ağacları az olduğundan bağın salınması mümkün olmur. Bu halda həmin sortların artırılması üçün məhsul verməyən 2-3 yaşlı ağaclardan qələm tədarükü tövsiyə edilir. Buna görə də bu üsula intensiv üsul və ya sürətlə çoxaltma üsulu deyilir. Belə ağaclardan çoxlu qələm tədarük etmək üçün onları hər il güclü budayırlar.