Öyrənmə elementi vacibliyi haqqında məlumat
Respublikamızda qərzəkli meyvə istehsalının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları olmuşdur. Həmin sərəncamlardan irəli gələn tapşırıqların yerinə yetirilməsinin nəticəsi olaraq Respublikamızda fındıq bağlarının sahəsi 2 dəfə artırılaraq 2017-ci ildə 65 min hektara çatdırılmışdır (rəsmi statistikaya əsasən 2016-cı ildə Respublikamızda 31814,3 ha bar verən yaşda olan fındıq sahəsi olmuşdur). Yaxın illərdə fındıq bağlarının sahəsinin 80 min hektara çatdırılması, 10 min hektar sahədə cəviz bağlarının yaradılması, yeni badam və püstə bağlarının yaradılması nəzərdə tutulur. Qərzəkli meyvə bitkilərin sahələrinin genişləndirilməsi, yeni intensiv bağların yaradılması ilk növbədə keyfiyyətli, standartların tələblərinə cavab verən sort tərkibi zəngin olan əkin materialının olmasını tələb edir. Odur ki, oxucular bu öyrənmə təlimində tinglik təsərrüfatının təşkili və əkinmaterialının becərilməsinə dair məsələlərlə yaxından tanış olub bu sahəyə dair biliklər əldə edəcəklər.
Beləliklə, bu fəsilin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz:
- Tinglik üçün ərazinin seçilməsi və onun təşkili; Sahənin seçilməsində təbii şərait - iqlim (yerli meteoroloji stansiyalardan rütubət, temperatur, işıq, hava və külək amilləri ilə bağlı götürülmüş çoxillik məlumatların qərzəkli meyvə bitkilərinin tələbləri baxımından qiymətləndirilməsi), torpaq (torpaq analizlərinin nəticələrinin təhlili, torpağın tipi və onun keyfiyyət göstəriciləri, qida maddələrinin miqdarı, qranulometrik tərkibi, torpaq sıxlığı, qrunt sularının səviyyəsi, pH dərəcəsi və b. göstəricilərə qərzəkli meyvə bitkilərinin tələbi), relyef (relyefin qərzəkli meyvə bitkilərinin tələbləri baxımından qiymətləndirilməsi), fitoindikatorlar (seçilmiş ərazinin təbii bitki örtüyünə əsasən bölgənin qərzəkli meyvə bitkiləri üçün əlverişli olmasının müəyyən edilməsi)
- Tingliyin strukturu, tipləri, əsas şöbələri və onların yaradılması prinsipləri;
- Tinglikdə növbəli əkin dövriyyəsinin tətbiqi. Şöbələrdə çoxtarlalı əkin (səpin) sxemləri. Növbəli əkində seçilən bitkilərə qoyulan tələblər qərzəkli meyvə bitkilərinin böyümə və inkişafında edafik (torpaq, qida maddələri) amillərinin rolunu öyrənəcəksiniz, onlar üçün əlverişli və yaxud yararsız olan torpaq tiplərini tanıyacaqsınız, qida elementlərinin çatışmazlığı və yaxud ifrat dərəcədə olması zamanı bitkilərdə gedən dəyişiklikləri praktiki olaraq təyin etmək vərdişinə malik olacaqsınız.