Digər qərzəkli meyvə bitkilərinin (cəviz, şabalıd, fındıq, pekan) becərilməsi üçün əlverişli şərait nəmlənmə əmsalı vahid və ondan yüksək olan (W≥1,0) ərazilər hesab olunur. Əks halda suvarmatətbiq olması vacib (qaçılmaz) şərt kimi çıxış edir.
1.8.2. Torpaq. Qərzəkli meyvə bitkilərinin böyümə və inkişafına torpaq və onun fiziki-kimyəvi göstəricilərinin təsiri
Qərzəkli meyvə bitkilərinin becərilməsində torpaq şəraiti başlıca, həlledici amil kimi çıxış edir. Torpaq şəraiti dedikdə ilk növbədə onun fiziki və kimyəvi xassələri, qranulometrik tərkibi (müxtəlif ölçüdə gil fraksiyalarının miqdarı), qələviliyi və ya turşuluğu (pH), şoranlaşma dərəcəsi və tipi, kipliyi, şum qatının qalınlığı, hava-su rejimi və s. nəzərdə tutulur.
Şum qatının qalınlığına görə torpaqlar nazik (qalınlığı 50 sm qədər), orta (50-100 sm) və qalın (100 sm-dən yuxarı) siniflərə aid edilir.
Nəmlənmə dərəcəsinə görə torpaqlar quru, təzə, nəm və sucux kateqoriyalara aid edilir.
Badam və püstə nazik və quru torpaqlarda becərilə bilər. Cəviz şabalıd və pekan üçün orta və qalın, təzə və nəm torpaqlar əlverişli hesab olunur. Fındıq bağlarını sucux ərazilərdə də yaratmaq olar, lakin belə sahələrdəizafi (artıq) rütubət kənarlaşdlrlmalıdır. Yüksək drenajlı və aerasiyalı allüvial torpaqlar daha əlverişli hesab olunur.
1.8.3. Relyefin (dəniz səviyyəsinə görə mütləq yüksəklik, yamacın dikliyi, cəhəti və s.) məhəllənin temperatur, hava, nəmlənmə və bütövlükdə mikroiqlim rejiminə və aqrotexnoloji əməliyyatların mexanikləşdirilməsinə təsiri
Relyef mühüm əhəmiyyət kəsb edir. Torpaq vəiqlimin formalaşmasında və iqlim amillərinin alınmasında, eləcədə torpaqəmələgəlmə prosesində relyefin təsiri böyükdür.
Dəniz səviyyəsinə görə mütləq yüksəklik (DSMY) həm temperatur rejiminə (hər 100 m-ə görə 0,6°C aşağı düşməsi), həm də yağıntıların miqdarının təsir göstərir. Bir qayda olaraq DSMY 3000 m-ə qədər artdıqca yağıntıların miqdarının artması müşahidə olunur. Enliyarpaq dağ meşə qurşağı 600-800 m-dən 1600-1800 m-ə qədər olan mütləq yüksəklikləri əhatə edirlər. Həmin qurşaqda cəvizin, şabalıdın və fındığın peyki olan şərq fıstığı bitir. Odur ki, qərzəkli meyvə bitkilərindən cəvizin, şabalıdın və fındığın DSMY-yə görə ən optimal 600-800 m-dən 1200-1400 m mütləq yüksəklikləri hesab etmək olar.
Yamaclar dikliyinə görə 4 yerəbölünürlər:yastı (dikliyi 10°-yə qədər), zəif dik (11-20°), dik (21-30°) və çox dik (31-40°).
Yamaclar cənub (Cənub-Şərq, Cənub, Cənub-Qərb, Qərb) və şimal (Şimal-Qərb, Şimal, Şimal-Şərq, Şərq) baxarlı qrupa aid edilirlər.
Qərzəkli bitkilərdən püstə və badamüçün cənub baxarlı yamaclar daha əlverişli olduğu halda, digər qərzəkli bitkilərin (cəviz, şabalıd, fındıq, pekan) şimal yamaclarda becərilməsi daha əlverişli hesab olunur.
1.8.4. Biotik amillər və qərzəkli meyvə bitkiləri. Faydalı və zərərli canlıların, mikroorqanizmlərin, müxtəlif bitkilərin qərzəkli meyvə bitkilərinə təsiri