Qərzəyi qalın, üzəri sıx tikanlarla örtülüdür. Bir qərzəkdə 2-3 ədəd meyvə əmələ gəlir. Meyvəsi iri, şirin, dadlı, qabığı nazik, tünd-darçını rəngdədir. Meyvəsi qabıqdan asan ayrılır, ləpənin rəngi sarı, yumşaq və dadlıdır. Bir meyvənin kütləsi 10-12 qr-dır. Hər il məhsul verir. Ləpə çıxımı 80-85%-dir.
Sentyabrın axırı, oktyabrın əvvəllərində yetişir. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Faraş. SortQax rayonunun Qum kəndində, Qəbələ rayonunun Vəndam kəndində aşkar edilmişdir. Ağacı ortaboylu (20-25 m) olub, dağınıq çətirlidir. Qabığı tünd-kül rəngindədir, üzərində çatlar olur. Yarpağın ucu şiş, yaşıl rəngdə olub, kənarı dişlidir. Qərzəyi yumru, təpə hissəsi dairəvidir. Ləpəsi qabıqdan asan ayrılır. Ləpəsinin rəngi sarı, dadlı və yumşaqdır. Ləpə çıxımı 68-73%-dir. Bir meyvənin orta kütləsi 7-8 qr-dır. Bir ağacdan 150-200 kq məhsul yığılır. Hər il bar verir. Sentyabrın ortalarında yetişir. Bu sort ən tez yetişən sortdur. Xəstəlik və zərərvericilərə zəif yoluxur.
Car. Sort Zaqatala rayonunun Car kəndində aşkar edilmişdir. Ağacı ucaboylu (25-30m), çətiri qüvvəli, seyrək, diametri 20 m və dağınıq formalıdır. Gövdəsinin qabığı kül rəngində olub, üzərində çatlar olur. Yarpağı orta irilikdə, ucu şiş, oval formada, tünd-yaşıl rəngdədir. Yarpağın eni 6 sm, uzunluğu 22,5 sm-dir. Qərzəyi nazik, üzəri xırda tikanlarla örtülü olur. Meyvəsi yumru formadadır. Bir meyvənin kütləsi 7-8 qr-dır. Meyvənin qabığı nazik, tünd-qara rəngdədir, ləpəsi ağ, üzərində şırımlar vardır, qabıqdan asanlıqla ayrılır. Ləpə çıxımı 60-65%-dir, məhsuldardır. Oktyabrın birinci ongünlüyündə yetişir. Şaxtaya, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Barquhaba. Zaqatala rayonunun Car kəndində aşkar olunmuşdur. Ağacı ucaboylu (30-35 m) olub, çətiri geniş, diametri 20 m-ə qədərdir, dairəvi formadadır. Gövdəsi kül rəngindədir. Yarpağı oval şəkildə, orta böyüklükdə, uzunluğu 22-23 sm, eni 8 sm, kənarı dişlidir. Oktyabrın axırlarında kütləvi yetişir.
Qərzəyi qalın, üzəri sərt tikanla örtülü, yumrudur. İçərisində 3 ədəd meyvə yerləşir. Meyvəsi iri (10,5 qr) və yumru formada (eni 3,2, uzunluğu 6 sm), qabığı tünd-şabalıdı, darçını və parlaqdır. Ləpəsi sarı rənglidir və üzəri zolaqlı, qabıqdan asan ayrılır, dadlı və şirindir. Bir ağacın məhsuldarlığı 300-350 kq-a çatır. Ləpə çıxımı çox yüksək-91%-dir. Xəstəlik və zərərvericilərə qarşı yüksək davamlıdır.
Sultanı. Sort İsmayıllı rayonunda aşkar edilmişdir. Ağacları 20 m hündürlüyündə, çətiri çox seyrəkdir, diametri 16 m, ştambın (əsas gövdənin) diametri 2,5 m-dir. Yarpaqları ellips formasında, uzunluğu 28 sm, eni 7,9 sm, saplağın uzunluğu 1,5 sm-dir (Şəkil 1.61).