Püstə ağacının güclü inkişaf etmiş kök sisteminə malik olması torpağı eroziyadan qoruyur. Püstə yarpağı və meyvəsi bir çox heyvanların, quşların, gəmiricilərin qidalanması üçün vasitədir. Püstə gec böyüyən, uzunömürlü (500-700 il) bitkidir.
Botaniki təsviri. Adi püstə (Pistacia vera L.) Sumaqçiçəklilər (Anacardiaceae və ya Pistatiaceae) fəsiləsinə daxildir, qiymətli subtropik bitki olub respublikamızda az yayılmışdır.
1.6.2. Azərbaycanda yayılması və becərilməsi
Püstənin vətəni Suriyadır. Yayıldığı areal genişdir. Orta və Yaxın Şərq ölkələrində, Qafqaz və Əfqanıstanda, İranda, Çində, Aralıq dəniz sahilində, Amerikanın Kaliforniya, Florida və Arizona ştatlarında geniş yayılmışdır. Bu bitki Türkiyə və İranda daha çox inkişaf etmişdir (Cədvəl 1.4).
№ | Ölkə | Püstə istehsalı, ton |
1. | İran İslam Respublikası | 230 000 |
2. | ABŞ | 108 598 |
3. | Türkiyə | 73 416 |
4. | Suriya Ərəb Respublikası | 52066 |
5. | Çin (ÇXR) | 38 000 |
Cəmi | 502 080 |
Cədvəl 1.4. Püstə istehsalında ilk beş yeri bölüşdürən ölkələr (FAOSTAT, 2016)
Püstə bitkisi Suriyadan Qafqaza və Əfqanıstana qədər yayılmışdır. Türkiyədə aparılan arxeoloji qazıntılar zamanı tapılmış materiallar sübut edir ki, püstə meyvələri bizim eradan (miladdan)əvvəl 7000-ci ildə qida kimi istifadə olunurdu. Püstə Suriyadan İtaliyaya I əsrin əvvəlində introduksiya olunmuşdur. Sonradan bu bitkini digər Aralıq dənizi ölkələrində də becərməyə başlamışlar. ABŞ-a püstə ilk dəfə 1854-cü ildə Çarliz Mason tərəfindən introduksiya olunmuşdur.
Püstə kserofit bitki olduğu üçün isti və quraq iqlimə malik ölkələrdə becərilir. Qədim zamanlarda püstə ağacları Orta Asiyanın Tyan-Şan dağlarından başlayaraq Tacikistanda, Türkmənistanda, Şimali Əfqanıstanda, İranda, Azərbaycanda, Türkiyədə və Suriyanın şimal hissəsində böyük meşələr təşkil edirmiş. Bu ölkələrdə aparılan təbii seçmə nəticəsində yüksək məhsuldar sortlar əldə edilmiş və böyük sahələrdə becərilmişdir.
Hələ eramızın I əsrində bu ölkələrdən Yunanıstana və Romaya püstə aparılmışdır. Ərəblər VII-VIII əsrlərdə Cənubi Avropaya və Şimali Afrikaya püstəni şərq ölkələrindən apararaq yaymışlar. Püstə İspaniya, İtaliya, Şimali Afrika ölkələrində geniş sahələrdə becərilmişdir. Bu bitki Azərbaycanda çox qədim zamanlardan bağ meyvəsi kimi becəril-məkdədir.
Hazırda Abşeronda və Cənubi Azərbaycanın Qəzvin mahalında geniş sahələrdə becərilir. Quraqlığa çox davamlı olduğundan quraq olan yerlərdə bu bitkidən çox istifadə edilməlidir.
Ədəbiyyat məlumatına görə püstənin əsas sortları Suriya, İran və Türkiyədən dünyanın digər ölkələrinə yayılmışdır. Bu sortlar təbii seçmə yolu ilə alınmışlar (D.Bayramova və b., 2010).