Tezyetişən Nikitski. Bu sort Azərbaycana Nikita Botanika bağından gətirilmişdir (Şəkil 1.47). Yüksək keyfiyyətli ləpəsi vardır. Orta vaxtda çiçəkləyir. Qabığı yumşaq, orta irilikdədir. Meyvəsi avqustun axırı, sentyabrın əvvəllərində yetişir, məhsuldar sortdur, hər ağacdan 7,5 kq məhsul götürülür. Dördüncü ildə məhsula düşür. 1 meyvəsinin kütləsi 3 qr, ləpə çıxımı 44%-dir. Ləpənin kütləsi 1,3 qr-dır. Tərkibində 54% yağ vardır. İkiləpəlilik 6% təşkil edir. Ağacı orta hündürlükdədir. Tozlayıcısı Predqornı və Vınoslivıy sortlarıdır.
Primorskiy. Nikita Botanika bağından gətirilmişdir. Azərbaycan rayonları üçün perspektiv sortdur. Ağacı ortaboylu olub, Nikitiski-62 sortuna yaxındır. Nisbətən gec çiçəkləyir. Şaxtayadavamlıdır. Hər il meyvə verir. Hər ağacdan orta hesabla 9,2 kq məhsul götürülür. 3-4-cü ili məhsula düşür. Meyvəsi sentyabrda yetişir, yumşaq qabıqlı, orta irilikdədir. Ləpə çıxımı 50%, bir ləpənin kütləsi isə 1,3 qr olub, tərkibində 54% yağ vardır. Tozlayıcıları Predqornı və Vınoslivıy sortlarıdır.
Şəkil 1.48. Azərbaycan ET Bağçılıq və
Çayçılıq İnstitutunun Abşeron Təcrübə
Stansiyasının badam kolleksiya bağı
1.5.4.4. Badamın seleksiya sortları
Şahbuz. AzETB və Çİ Abşeron Təcrübə Stansiyasında seçmə yolu ilə yaradilmış yerli perspektiv sortdur (Şəkil 1.48). Ağacı alçaq, qabığı orta dərəcədə bərk, meyvəsi iridir. Gec çiçəkləyir, məhsuldar sortdur. Hər il məhsul verir. Hər ağacdan orta hesabla 8-10 kq məhsul yığılır. 2-3- cü ildə məhsula düşür. Meyvəsi sentyabrda yetişir, bir meyvəsinin kütləsi 3,7 q, ləpəsinin kütləsi isə 1,3 q-dır, ləpə çıxımı 48%-dir. Tərkibində 55% yağ vardır. Əsas tozlayıcısı Predqornı və Vınoslivıydır[4].
Növrəst. Azərbaycan ET Bağçılıq və Çayçılıq İnstitutunun Abşeron Təcrübə Stansiyasında Sarayı və Nikitiski-62 sortlarından alınmışdır. Meyvələri yumşaq qabıqlı və iri olur. Gec çiçəkləyən məhsuldar sortdur. Hər il məhsul verir. Hər ağacdan orta hesabla 8,5 kq məhsul yığılır. Dördüncü il məhsula düşür. Meyvələri avqustun birinci yarısında yetişir. Yemək üçün əlverişlidir. Bir meyvəsinin kütləsi 3,6 qr-dır, ləpəsinin kütləsi 1,4 qr, ləpə çıxımı 55%-dir. Tərkibində 56mq. yağ olur. Əsas tozlayıcısı Predqornı, Şahbuz, Nikitiski-62 sortlardır. Zərərverici və xəstəliklərə qarşı davamlıdır.