1.5. Badam
Badam bitkisinin (Şəkil 1.39) latınca adı Amygdalus communis L. olub qədim Finikiyalıların mifologiyasına görə, Allahlar içərisində badamın adını daşıyan, onun simvolu olan Amiqdal Allahı olmuşdur [4].
Orta Asiya və Qərbi Asiya ölkələrində badamın bizim eramızdan 4 min il əvvəl becərildiyi göstərilir.
Badam bitkisinin bir çox üstün cəhətləri vardır. Bu, ilk növbədə, onun tez bara düşməsidir ki, əgər bitkiyə yaxşı qulluq olunarsa, müvafiq torpaq və iqlim şəraitində calaq olunduqdan sonra ağaclar üçüncü ildə məhsula düşür; ilk məhsul çox yüksək olmasa da bağ salmaq və ona qulluq etmək üçün sərf olunan vəsaiti ödəməyə çatır.
Badam məhsuluna tələbat yüksəkdir və onun üçün bazar həmişə mövcuddur. Badam ləpəsi uzun müddət saxlandıqda və daşındıqda öz keyfiyyətini itirmirBadam məhsulunun yığılması asan və tez başa gəlir.
1.5.1. Təsərrüfat əhəmiyyəti
Badam tez bara düşən, isti və quru iqlimə malik ölkələr üçün çox qiymətli subtropik qərzəkli meyvə bitkisidir. Badam ləpəsindən təzə halda və yarım-emal olunmuş şəklidə istifadə olunmaqla, qənnadı sənayesi üçün də əsas xammaldır. Yeyinti sənayesində, qənnadı sənayesində şokolad, konfet və digər məmulatların hazırlanmasında, tibdə və ətriyyatda geniş istifadə olunur. Badam qabığından yanacaq kimi istifadə olunur, həmçinin kömür hazırlanır. Onun ləpəsinin 92%-i yeyinti, 6%-i tibb, 2%-i isə ətriyyat məqsədilə istifadə olunur. Badam ləpəsinin tərkibində 70% yağ, 23% zülal, 2-10% şəkər, 2-5% humuslu maddələr, E,B,K vitaminləri, efir yağları vardır (Şəkil 1.40).
Badam ləpəsinin yağı qaxsımadığından cəviz (qoz)və pekandan fərqlənir. Badam yağı və südü təbabətdə müxtəlif xəstəliklərin -mədə- bağırsaq və vərəm xəstəliklərinin müalicəsində gücü bərpa etmək və sakitləşdirici maddə kimi istifadə olunur. Badam yağı dünya bazarlarında qərzəkli meyvə yağlarından ən qiymətlisi hesab olunur. Adi badamda amiqdalin adlı alkaloid vardır ki, bundan dərman hazırlanır.
1.5.2. Azərbaycanda yayılması və becərilməsi
Adi badam (Amygdalus communis L.) cır halda Orta Asiyanın dağlarında bitir. Mədəni badamlar cır badamlarla çox yaxın olsalar da meyvələrinin böyüklüyü (Şəkil 1.41), qabıqlarının nazikliyi ilə fərqlənir. Ordubad və Naxçıvanın digər bağlarında cır daş badamlar gövdəli, qüvvətli yan budaqları olan 15-20 m hündürlükdəağaclar olub, mil kökləri çox dərinə gedir.