Əkiləndən sonra dördüncü ili məhsula düşür. On yaşlı koldan 10-12 kq məhsul yığılır. Hər il bar verir. Meyvəsi iri, qismən uzun-sovdur. Meyvənin qabığı orta qalınlıqdadır. Ləpənin uc hissəsi sivridir. Qərzəyi meyvədən nisbətən iridir. Ləpəsi açıq qəhvəyi olub, ləpə çıxımı 72%, yağlılığı 62,8 %-dir [4].
Xəstəlik və zərərvericilərə qarşı qismən davamlıdır.
Barselona. Sort Avropa mənşəlidir. Kolu orta boylu, sıx yarpaqlıdır. Çoxlu pöhrə əmələ gətirir. Buna baxmayaraq bu pöhrələr kök boğazına bitişik olduğu üçün onlardan əkin materialı kimi istifadə etmək olmur.Ondan əkin materialı əldə etmək üçün cavan zoğları (şivləri) daldırılır. Daldırılmış şivlərin tumurcuğundan ilk yazda zoğlar çıxır ki, payızda onlardan bağ salmaq üçün istifadə olunur. Sortun meyvəsi nisbətən iri, məhsuldarlığı hər koldan 8-12 kq-dır. Meyvənin qabığı orta qalınlıqdadır. 100 ədəd fındığın kütləsi 303,4 qr, ləpə çıxımı 41,4 %, yağlılığı 44,5%-dir.
Rimskiy. Sort Avropa mənşəlidir. Kolu orta boylu, seyrək yarpaqlıdır. Pöhrə vermə qabiliyyəti zəifdir. Əkiləndən sonra 4-5-ci ili məhsula düşür. 10 yaşlı koldan 8 kq məhsul yığılır. Hektardan məhsuldarlığı 1344 kq-dır. 100 ədəd fındığın kütləsi 258,9 qramdır. Ləpə çıxımı 43%, yağlılığı 41,2 %-dir.
Xəstəlik və zərərvericilərə qarşı ilin hava - iqlim şəraitindən asılı olaraq sirayətlənir.
Ağ lombard. Sort Avropa mənşəlidir. Kolu hündür, sıx yarpaqlı, meyvəsi orta irilikdə, məhsuldarlığı ortadır. Fındığı orta irilikdə, uzunsovdur. Bir meyvənin kütləsi 2 qr-dır. Meyvəsi sentyabrın ortalarında yetişir. Qabığı qalın, ləpə çıxımı 48 %-dir. Ləpəsi dadlı və yağlıdır.
Ayrı-ayrı illərdə fındıq uzunburunu ilə sirayətlənir.
Brunxvik. Kolu orta boylu, hündürlüyü 4,5-7,5 metrdir. Çətiri sallaq sıx, dəyirmi, kürə formasındadır. Məhsula beşinci ildə düşür. Hər il bar verir. 10 yaşlı koldan 12-15 kq, bir hektardan isə 1980-2500 kq məhsul verir. Tezyetişəndir, avqustun üçüncü ongünlüyündə yetişir. Ləpə çıxımı 44,5 %, yağlılığı 54,6 %-dir. Bir meyvəsinin kütləsi isə 1,9 qramdır (Şəkil 1.37). Ləpəsi açıq sarımtıldır. Qabığı nazik, açıq qəhvəyi rəngdə olub, parlaqdır.Ləpə çıxımı 42,5%, yağlılığı 66,5%-dir.Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Çərkəz-11. Şimali Qafqaz mənşəli sortdur. Şəki-Zaqatala bölgəsində yayılmışdır. Kolu 10-12 m hündürlüyündədir. Çətiri sallaq formalı, sıx yarpaqlıdır. Çoxlu pöhrə əmələ gətirir. Məhsula 6-7 yaşında düşür. Hər il bar verir. Bir kolun məhsuldarlığı 12-18 kq-dır. Bir meyvəsinin kütləsi 15 qr, ləpəsinin kütləsi isə 7,9 qr-dır. Qərzəyi meyvəsini örtür. Meyvənin qabığı nazik, ləpənin rəngi açıq qəhvəyidir. Qabığı tünd-qəhvəyidir.Quraqlığa davamlıdır, zərərvericilərlə cüzi sirayətlənir.
Kaddetden. Avropa mənşəli sortdur. Kolu orta boylu (4,5-5 m), nisbətən yığcam çətirə malikdir.