Bunlardan C.colchica Qərbi Gürcüstanda bitir, qərzəyi tüklüdür, meyvələri yumrudur. C. heterophylla Uzaq Şərqdə yayılaraq yarpaqları ürək şəklində olub, ucu üçbucaqlıdır. Qərzəyi lüləvari və uzundur. C. manshurica növüdə Uzaq Şərqdə (Ussuriyada) bitir və əvvəlki növə bənzəyir. C. ferox Himalay dağlarda bitir; cavan zoğları tüklüdür, yaşlı budaqlara isə mantarlı olur. Qərzəkləri incə tüklüdürlər. C. sieboldiana Yaponiyada bitir; yarpaqları uzun və bir qədər ensizdir. Qərzəyi meyvədən uzundur. Fındığı ucu şişdir.
Becərilən fındıq sortlarının əksəriyyəti C. avellana növünə aiddirlər (Şəkil 1.32 və 1.33). Bunların çox sortları vardır ki, onlarda müxtəlif iqlim-torpaq şəraitinə uyğunlaşmışlar. Bu səbəbdən də hər ərazinin özünəməxsus sortu vardır. Yeni fındıq bağı salınacaq yerlərdə oranın iqlim-torpaq şəraitinə uyğun sortları əkmək vacibdir. Cənub ölkələrdə soyuğa davamı az olan nazik qabıq fındıqlar əkilir. Şimal ölkələrində isə soyuğa davamlı sortlar seçilir. Mövcud olan sortların hamısını təsvir etmək lazım gəlməz, çünki bizim üçün praktiki əhəmiyyəti yoxdur. Ancaq Azərbaycana yarayacaq və hal-hazırda Azərbaycanda əkiləcək sortları qeyd edəcəyik.
Corulus avellana L. cır halda Azərbaycanın əksər bölgələrinin meşələrində təbii halda bitir. Fındıq 7-10 m hündürlüyündə kol formasında olub, hər kolda 350-yə dək pöhrə əmələ gətirir. Fındıq bitkisində pöhrələr çox tez böyüyür, beşinci ildə bara düşür. 15-20 il məhsul verir, nəhayət get-gedə məhsuldarlıq azalır, gövdə məhv olur. Fındıq kolunun 200 ilə qədər yaşamasına baxmayaraq, bağlarda 40 ildən artıq yaşı olan gövdələrə rast gəlinmir. Çətiri əsasən girdə, bəzən sallaq formasında olur. Hər gövdə üzərində sərbəst kök sistemi əmələ gəlir. Kökləri düyünlü və uzun olduğundan pöhrələr çıxır. Budaqları yuxarı dik qalır. Cavan budaqaltı hamar, qocalmış budaqların qabığı boz rəngdə olur.
Fındıq bitkisində bar orqanları 3-4-cü dərəcəli budaqlar üzərində əmələ gəlir. Tuturcuqları xırda, oval şəklində, rəngi yaşıl-qırmızımtıl, üzəri incə tüklərlə örtülüdür. Yarpağı iri dairəvi, oval və yumruvaridir. Yarpağın ətrafı böyük və xırdadişlidir. Üst hissəsi yaşıl, alt hissəsi açıq-yaşıl və pəmbəlidir. Yarpaq saplağı qısa olur.