№ | Ölkə | Fındıq istehsalı, t | Dünya üzrə %-lə |
1. | Türkiyə | 549 000 | 59.9% |
2. | İtaliya | 112 643 | 12.2% |
3. | ABŞ | 40 500 | 4.4% |
4. | Gürcüstan | 39 700 | 4.3% |
5. | Azərbaycan | 31 202 | 3.4% |
Cədvəl 1.2. Fındıq istehsalında aparıcı 5 ölkə (FAOSTAT, 2016)
1.4.1. Təsərrüfat əhəmiyyəti
Respublikamızda fındıq bitkisi yayılma arealına, əkin sahəsinə və məhsuluna görə qərzəkli meyvə bitkiləri sırasında birinci yeri tutur. Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 55 min hektara çatdırılmışdır.
Fındıq ləpəsi yeyinti və qənnadı sənayesi üçün qiymətli xammaldır. Ləpənin tərkibinin orta hesabla 3-8 faizini qiymətli sulu karbonlar, B, B1, C, E, D vitaminləri, mikroelementlər, 18%-ni zülal, 50-75%-ni yağ, 12,31%-ni sellüloz, 1,83%-ni kül təşkil edir. Ləpə çıxımı sortdan asılı olaraq 50-60%-dir.
Fındıq ləpəsi təzə və ya qovurulmuş halda istifadə olunur. Ləpədən müxtəlif qənnadı məmulatları, yüksək keyfiyyətli yağ, qabığından isətəbabətdə işlədilən kömür hazırlanır.
Fındıq bitkisinin becərilməsi digər meyvə bitkilərinə nisbətən az zəhmət tələb edir. Meyvələri asan nəql olunur və uzun müddət saxlanılır və dadlı olduğu üçün müxtəlif qənnadı məmulatının hazırlanmasında istifadə olunur. Fındıq ləpəsi kaloriliyə görə ət və çörəkdən üstündür (4).
Fındığın oduncağı da qiymətlidir. Yüngül, möhkəm və elastiki olduğu üçün mebel və təsərrüfat alətlərinin hazırlanmasında istifadə olunur. Fındıq bitkisinin oduncağından və meyvəsinin qərzəyindən alınan küldən barıt, qələm kömürünün fəallaşdırılmasında, yonqarından şərabçılıq sənayesində şərabın təmizlənməsində istifadə olunur.
1.4.2. Azərbaycanda yayilmasi və becərilməsi
Adi fındıq (meşə findığı) cır halında demak olar ki, respublikanın bütün regionlarında bitir. Fındıq ən ibtidai dövrlərdən bəri insan tərəfindən istifadə olunmağa başlanmışdır. İsveçrədə tapılan qazıntılar zamanı onun 6 min il bundan əvvəl insanlar tərəfindən istifadə olunması aşkar edilmişdir.
Hal-hazırkı adi fındıq çox qədim zamanlardan bağlarda becərilməyə başlanmış və hər bölgə öz cır fındıqlarım mədəniləşdirmişdir. Azərbaycanda cır fındıq Şəki-Zaqatala bölgəsinin dağətəyi meşələrində geniş sahələrdə yayılmışdır. Həmçinin Dağlıq Qarabağ, Quba-Xaçmaz, Zuvand bölgələrinin meşələrində də çır halda geniş sahələrdə bitir. VIII-IX əsrlərdə Şərqin bir çox bazarlarını Qəbələ mahalının fındığı təmin edirmiş. (Ə. Rəcəbli. 1966).
Respublikamızın Şəki-Zaqatala, Gəncə-Qazax və Quba-Xaçmaz bölgələrinin iqlim və torpaq şəraiti bu bitkinin genişlənməsi və yeni sahələr tutması üçün olduqca əlverişlidir.