1.4. Fındıq
Azərbaycanda fındıqçılıq son illər ərzində sürətlə inkişaf edir. Cəmi bir il ərzində (2017) fındıq əkini sahələri dövlət hesabına təxminən 40 faiz artmışdır. Fındıq kənd təsərrüfatı məhsulları arasında bu gün ən çox valyuta gətirən məhsuldur (Şəkil 1.27). Bu sahənin inkişafına bizim təbii iqlimimiz də imkan verir. Fındıqçılıq 13 rayonda inkişaf etdirilir və biz fındıq bağlarının sahəsini 80 min hektara çatdırmalıyıq. Əgər bu gün bu bağların sahəsi təqribən 30-35 min hektardırsa, biz bunu 80 min hektara çatdırmaqla iki dəfədən çox gəlir əldə ediləcək və vətəndaşlar iki dəfə çox pul qazanacaqlar (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 2018).
Rəsmi statistikaya baxsaq görərik ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idi, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb. Hazırda (2017-ci il) 55 min hektarda fındıq bağları salınıb (Qrafik 1.4). Bu da onun nəticəsidir ki, dövlət bu sahənin də inkişafını öz üzərinə götürüb. Əkin sahələri 2015-ci ildəki 32 min hektardan 55 min hektaradək artıb, yəni son iki ildə 23 min hektarda yeni fındıq bağları salınıb. Bu, son hədd deyil (Qrafik 1.2).