Araz. Sort Ordubad rayonunun Vələvir kəndində rast gəlinir, çox məhsuldardır. Meyvəsi oval formalı, təpəsi qısa dimdiklidir. Oturacağı dairəvidir. Ensiz qabırğası azacıq dikdir. Bir meyvənin kütləsi13,5 qr-dır. Qabığı hamar, nazikdir, açıq sarıdır. İki barmaq arasında əzilir. Ləpəsi bütöv çıxır. Qabığın iç tərəfi hamardır. Ləpəsi dadlı, tünd sarı və yağlıdır. Ləpə çıxımı 54,9%-dir. Sentyabrın sonunda yetişir.
Disar. Ordubadın yerli sortudur. Disar kəndində yayılmışdır. Çox məhsuldardır. Meyvəsi xırda, tamamilə yumrudur. Qabığı hamardır, çox nazikdir (0,5 mm), barmaq arası qırılır (Şəkil 1.17). Ləpəsi bütöv olaraq, qabıqdan ayrılır. Rəngi ağ, dadlı və yağlıdır. Ləpə çıxımı 60%-dir, yağlılığı 80%-dir. Sentyabrın sonunda yetişir. Quraqlığa çox davamlıdır. Daşlı və çınqıllı yerlərdə yaxşı bitir.
Car. Bu sort Zaqatala rayonunun Car kəndində əldə edilmişdir. Ağacı olduqca hündür, geniş, yumru, şarşəkilli çətirlidir. Meyvəsi yumru, təpəsi dikdir. Qabığı bərkdir. Ləpəsi ağ sarımtıl rəngli, qabığından bütöv çıxır. Yağlılığı 72,9%, ləpə çıxımı 54%, bir meyvənin kütləsi 10 qramdır.
Tala. Zaqatala rayonunda becərilir. Ağacın hündürlüyü 24 metrə çatır. Çətiri hündür, dəyirmi formada, sıx yarpaqlıdır. Hər il bar verir. Bir ağacdan 220-0 kq meyvə yığılır. Meyvələri dəyirmi, oval formalı, kütləsi 9,8 qramdır. Qabığı kövrək, asanlıqda sınır, rəngi açıq bozdur. Ləpəsi qabıqdan bütöv çıxır, sarı-qırmızı rəngdədir. Ləpə çıxımı 52%, yağlılığı 75,9%-dir. Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.