Azərbaycanda ən çox yayılmş cəviz sortları - Seyfi, Car, Suğra, Araz, Disar, Növrəst, Üstülü, Ordubad-79, Əkbəri, Qum, Babək və s. olmaqla onlar barədə qısa məlumat verilir.
1.2.6.1. Azərbaycanin yerli, ata-baba cəviz sortları
Növrəst. Yerli Ordubad sortudur. Ağacı ortaboylu (14,5 m), çətiri dağınıqdır. Yarpağı ovalşəkilli, iri, tünd - yaşıl rəngdədir. Erkək çiçəklər ikiillik budaq üzərində əmələ gəlir. Dişi çiçəklərin 8-10 ədədi bir yerdə topa halında olur. Aprelin birinci ongünlüyündə çiçək açır. Meyvəsi enli, oval formalı, iri (12 qr.), qabığı zərifdir. Ləpəsi sarı, yumşaq, dadlıdır. Ləpə çıxımı 69%-dir. Meyvəsi sentyabrda yetişir. Bir ağacın məhsuldarlığı 60 kq-dır. Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Əkbəri. Yerli Ordubad sortudur, hündürlüyü 8 m-ə çatır, çətiri yığcamdır. Yarpağı orta böyüklükdə, oval formalı, açıq-yaşıl rəngdədir. Dişi çiçəkləri topa halında (ikisi bir yerdə) əmələ gəlir. aprelin birinci ongünlüyündə çiçəkləyir. Meyvəsi xırda, yumru, nazik qabıqlıdır, tünd-qəhvəyi rəngdədir. Ləpəsi qabığından asanlıqla ayrılır. Ləpəsi sarı rəngdə olub, yumşaq və dadlıdır. Bir meyvənin kütləsi 8,5 qr-dır. Ləpə çıxımı 70%-dir. Meyvəsi sentyabrın üçüncü ongünlüyündə yetişir. Bir ağacın məhsuldarlığı 60 kq-dır. Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Seyfi. Bu sort Naxçıvanın Ordubad rayonunun Əylis kəndinin yerli, xalq seleksiyası nəticəsində yaradılmış ata-baba sortudur. Ağacın hündürlüyü 13,4 m, çətiri yığcam, dəyirmidir. Yarpağı orta irilikdə, oval formalı, tünd yaşıl rəngdədir. Erkək çiçəkləri ikiillik budaq üzərində, dişi çiçəkləri isə cari ildə əmələ gələn zoğ üzərindədir. Erkək və dişi çiçəklər eyni vaxta - aprelin I ongünlüyündə açılır. Meyvəsi orta yetişən olmaqla, sentyabrın ikinci ongünlüyündə yetişir. Daimi yerinə əkildikdən sonra onuncu ili məhsul verir. 30 yaşlı ağacın məhsuldarlığı orta hesabla 70 kq-dır. Meyvələri iri, uzun yumurtavari olub, bir meyvənin kütləsi 11,2 qr.-dır. Qabığı nazik, açıq qəhvəyi rəngdədir. Ləpəsi parlaq, dadlı, yumşaq olub, qərzəkdən asanlıqla ayrılır. Ləpə çıxımı 65%, yağlılığı 67%-dir. Sort quraqlığa və zərərvericilərə qarşı davamlıdır (Şəkil 1.16).
Suqra. Naxçıvanın yerli, ata-baba sortudur. Əsasən Ordubad rayonunun Aşağı Əndəmic kəndində yayılmışdır. Ağac hündürboylu (15,5 sm), çətiri qüvvətli və dağınıqdır. Erkək çiçək topası ikiillik budaq üzərində, dişi çiçəklər isə carı ildə əmələ gələn zoğ üzərində bitir. Erkək və dişi çiçəklər eyni vaxtda aprelin I ongünlüyündə acılır. Yarpağı iri, yaşıl rəngdədir. Məhsuldardır. Meyvəsi uzunsov, yumurtavari formadadır. Daimi yerinə əkiləndən sonra onuncu ili məhsula düşür. Bir ağacın məhsuldarlığı orta hesabla 80 kq-dır. Meyvələrinin qabığı nazik, qəhvəyi rəngli, kütləsi 8,5 qr, kövrəkdir. Ləpəsi qızılı, sarı rəngdə, dadlıdır. Meyvəsi sentyabrın ortalarında yetişir. Ləpə çıxımı-66%, yağlılığı 67,3%-dir. Sort quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.