Həddindən çox quru yerlərdə və sucux (çox nəmişli), artıq su toplanıb qalan yerlərdə bitmir. Dərələrdə və çay vadilərində yayılaraq axar su hesabına əlavə nəmləməni sevir. Təbii yayıldığı ərazidə (dəniz səviyyəsindən 600...1800 m yüksəklikdə) illik atmosfer çöküntülərinin miqdarı ildə 400-500 mm və daha artıq olur. Becərildiyi ərazidə yağıntiların illik miqdarı 500 mm-dən az olduqda suvarma tələb edir.
Soyuq hava axınlarından dağ silsilələri və yamacları ilə mühafizə olunan sahələrdə yayılmışdır. Tam sükunət dövründə 30°C-ə qədər saxtaya tab gətirir. Lakin, vegetasiya müddəti başladıqda zəif axırıncı yaz şaxtaları tərəfindən zərər çəkir. Qoz isti sevən bitki olsa da onun müəyyən müsbət temperaturlar optimumu mövcuddur. Yay mövsümündə havanın temperaturu 38 °C-ni keçdikdə cavan zoğlarda, yarpaqlarda və meyvələrdə fəsadlar baş verir – yanıqlar müşahidə olunaraq qara rəngdə ləkələr əmələ gəlir. Yüksək temperatur həmçinin meyvələrin inkişafını dayandırır.
Qoz güclü inkişaf etmiş mil kök və geniş yayılan (çətirin proyeksiya səthindən kənara çıxan) yan kökləri yaradır (Şəkil 1.13). Kök sisteminin formalaşmasına sahənin torpaq örtüyü və torpağın becərilməsi təsir göstərir. Bağ salınan sahənin torpaq örtüyü 1,0 m-dən qalın olmalı, qrunt suları isə 1,5 m-dən dərində yerləşməlidir.
Qoz Azərbaycanın bütün bölgələrində və rayonlarında əkilib becərilir. Təbii halda 4 bölgədə yayıldığı halda, əkin şəraitində Kür-Araz vilayəti də daxil olmaqla 12 iqtisadi-coğrafi rayonun hamısında təsadüf olunur. Qoz ağacları yaşıllıqlarda və həyətyanı bağlarda mərkəzi aran rayonlarında (Bərdə, Yevlax, Ucar, Sabirabad, Neftçala və s.) və Abşeron yarımadasında belə becərilir və meyvə verir.
Kür-Araz ovalığında və Abşeronda cəvizin bitməsi havanın yüksək hərarəti ilə yanaşı torpağın şoranlaşması ilə də məhdudlaşır. Ağac və kol cinslərinin torpaqda duza (şorlaşmaya) qarşı davamlılıq şkalasına əsasən torpağın şorlaşma dərəcəsi quru qalığa görə 0,40%-ə qədər olduqda əksər ağac və kol cinslərinin bitməsi üçün məhdudiyyətsiz, şorlaşma dərəcəsi 1,30%-dən çox olduqda isə bütün cinslərin bitməsi üçün yararsız hesab olunur.