Dixoqamiya hadisəsi nəticəsində qoz ağaclarında çarpaz mayalanma təmin olunur. Vegetativ çoxaltma üsulu bütün xassəsələrin sabitliyini təmin etməklə yanaşı artırılan sort və ya formanın dixoqamiya tipini də calaq əkin materialına ötürür, sabit saxlayır (calaq əkin materialı ya PA, ya da PG olur). Odur ki, vegetativ usulla çoxaldılmış (calaq edilmiş) əkin materialından qoz bağları salındıqda mayalanmanı təmin etmək üçün əks dixoqamiya tipindən olan ağacların əkilməsi vacibdir (10...20%).
Cəvizin meyvəsi 2 hissədən - perikarp (xarici) və endokarpdan (daxili) ibarətdir (Şəkil 1.12). Perikarp xarici yaşıl rəngdə dərivari-lətli meyvə yanlığıdır - qərzəkdir. Qərzəyin daxi-lində yerləşən endokarp cəviz adlanır. Endokarp (daxili meyvə yanlığı) oduncaqlaşmış bərk toxum qabığından ibarət olub içərisində ləpə (toxum yanlığı) və rüşeym yerləşir. Cəvizin toxum qabığı (endokarpın qabığı) 2 hissədən ibarət olub, taylar birləşən yerdə hər iki yanda tikiş əmələ gəlir. Qabığın icərisində ləpə dərili arakəsmə ilə 2 hissəyə bölünür.
1-Qərzək (perikarp - ön meyvə və ya yaşıl meyvəyanlığı);
2-Qərzəyin daxilində yerləşən oduncaqlaşmış bərk qabığa malik yalançı çəyirdək (endokarp-daxili meyvə və ya cəyirdək).
1-Endokarpın (toxumun, cəvizin) oduncaqlaşmış bərk qabığı;
2-Rüşeym;
3-Ləpə (endosperm);
4-Ləpəni iki hissəyə bölən dərivari nazik arakəsmə.
1.2.4. Ekoloji xüsusiyyətləri
Qoz plastik növ olub geniş ekoloji diapazona malikdir. Relikt növ olub uzunmüddətli təkamül inkişafı nəticəsində müxtəlif ekoloji şəraitdə bitməyə qadirdir. Buna baxmayraq, bitdiyi sahənin temperatur və nəmlənmə rejimi, torpaq-qrunt şəraiti optimum təşkil etdikdə - əlverişli olduqda, daha məhsuldar və uzun ömürlü olur.
Qoz mezofil (mezo-orta, fil-münasibət, durum, tələbat) bitki olub mülayim dağ qurşağında yayılmışdır, rütubətə və hərarətə orta tələbkardır.