Dişi çiçəklərdə çiçəkyanlığı 4 dişlidir, 2 çiçəkaltlığına və ötürücü pulcuğa birləşmişdir, yumurtalığı aşağı və bir yuvalıdır. Sütuncuğu qısadır və 2 lətli, məxməri qırmızımtıl rəngdə olmaqla dişicik ağzı vardır.
Cəvizin çiçəklənməsi və meyvə verməsində başlıca bioloji xüsusiyyət dixoqamiya hadisəsi olub eyni ağac daxilində erkək çiçəklərin (sırğaların) və dişi çiçəklərin (meyvə çiçəklərinin) eyni vaxtda yetişib üst-üstə düşməməsi və ara vaxtına təsadüf olmasıdır. Bəzi ağaclarda əvvəlcə sırğalar tam tozlayıb qurtardıqdan sonra həmin ağaclarda dişi çiçəklər yetişir. Eyni zamanda digər ağaclarda həmin hadisə əksinə baş verir - dişi çiçəklərin yetişməsi başa çatdıqdan bir müddət sonra sırğalar tozlamağa başlayır.
Dixoqamiya tipinə görə ilkin olaraq sırğaları tozlanmağa başlayan ağaclar protoandrik (PA), dişi çiçəkləri əvvəl yetişənlər isə protogenik (PG) adlandırılır. Sırğaların tozlama müddəti orta hesabla 4-5 gün (mak. 10 gün), dişiciklərin tozcuğu qəbul etmə müddəti isə 6-7(9) gün davam edir. Ağac daxilində müxtəlif cinsli orqanların çiçəklənməsində ara 3...5 (7) gün təşkil edir.
İsti və quru hava şəraiti sırğaların yetişmə vaxtını tezləşdirərək tozlama müddətini qısaldır. Temperaturun aşağı düşməsi və yağmurlu hava şəraiti əksinə, sırğaların tozlamasını müəyyən fasilələrlə 10...12 günə qədər uzada bilir. Həmin hadisəni quru hava tezləşdirir. Temperaturun artması və eləcədə yağmurlu hava şəraiti dişi çiçəklərin tozcuğu qəbul etmə (mayalanma) müddətini qısaldır.
Dixoqamiya nəticəsində cəvizin çiçəklənməsi 2-3 həftə davam edir. Həmin ərəfədə anormal iqlim şəraiti baş vermədikdə (axırıncı yaz şaxtaları müşahidə olunmadıqda) qoz ağaclarında generativ orqanların tam məhv olması ehtimalı azalır (sıfıra yaxınlaşır). Anormal iqlim şəraiti baş verdikdə, protoandrik ağaclarda sırğalar və protogenik ağaclarda isə dişi çiçəklər və əksinə, protoandrik ağaclarda dişiciklər və protogenik ağaclarda isə sırğalar məhv ola bilər. Belə hal məhsulun ən azı 50% -nin qalmasını təmin etmiş olur.
Müşahidələr ağac daxilində sırğaların və dişiciklərin çiçəklənməsi ardıcıllığının dəyişməməsini təsdiqləyir. Dixoqamiya tipi (PA və PG) sabit bioloji xassə olub xarici amillər yalnız sırğa və dişiciklərin yetişmə tarixinə, davamiyyətinə və ara müddətinə təsir edir.