Cəvizin Talışda Qafqaz xirniyi (xurması), şabalıdyarpaq palıd, dəmirağacı, azad ağacı, Böyük Qafqazda yenə Qafqaz xirniyi (Zaqatala rayonu), yalanqoz, gözəl ağcaqayın, şərq fıstığı, şabalıd, Kiçik Qafqazda isə şərq çinarı (Zəngilan rayonu) və üçüncü dövrün digər relikt növləri ilə birgə bitməsi həmin ərazilərdə onun təbii yayılmasını təsdiqləyir. Azərbaycanda yalnız Talışda deyil, həm də Böyük və Kiçik Qafqazda (Naxçıvan da daxil olmaqla) cəvizin təbii yayılması artıq təsdiqini tapmış və şübhə doğurmur (Z.A.İbrahimov, 2015).
Cəviz Böyük və Kiçik Qafqazda, Talışda aşağı və orta dağ qurşaqlarında dəniz səviyyəsindən 600...800 m mütləq yüksəklikdən başlayaraq 1800...2000 m yüksəkliklərə qədər yayılmışdır. Optimum bitmə şəraiti 800...1400 m mütləq yüksəklikləri əhatə edir. Həmin optimumu yağıntıların illik miqdarı (ərazinin nəmlənmə dərəcəsi) və temperatur rejimi müəyyən edir.
Respublikanın ərazisində tək-tək və bioqrup (topa) şəklində rast gəlinən yaşlı (200-300 il) qoz ağacları keçmişdə geniş sahədə yayılan qoz meşələrinin qalıqlarıdır (Şəkil 1.7). Həmin meşələrin sahəsi antropogen amillərin təsiri nəticəsində kəskin azalmış və bu gün həmin meşələrin qalıqlarına təsadüf olunur. Qoz meşələrinin sahəsinin azalmasına başlıca səbəb onun oduncağına olan tələbat olmuşdu. Mövcud qoz ağaclarının əksəriyyətinin oduncaq tədarükü üçün yarasız olması onların salamat qalmasını təmin etmişdir. Rast gəlinən əksər ağacların gövdələri əyri, haçalanmış, koğuşlu və zədələnmiş olub oduncağında çürümə müşahidə olunur.
Yaşayış məntəqələrinə yaxın və bilavasitə bitişik sahələrdə qoz ağacları əhali tərəfindən qorunub saxlanılmışdır (Şəkil 1.8). Əksər hallarda məhsuldar və yüksək keyfiyyətli meyvəsi olan qoz ağacları onlara qayğı göstərən və qoruyub saxlayan sakinlərin adi ilə tanınır.
Azərbaycan cəvizin ilkin mədəniləşdirmə mənşə mərkəzlərindən biri olmaqla, hələ eramızdan çox-çox əvvəllər becərilməsi güman edilir. Bu səbəbdən də cox vaxt respublikanin ərazisində təbii yayılan yaşlı qoz ağaclarına uzaq keçmişdə yaradılmış bağların yabanılaşmış qalıqları kimi baxılır.